5000 nəfərlik otel-təyyarə layihəsi təqdim olunub Süni intellekt tərəfindən idarə olunan gələcəyin təyyarəsi
Yəmənli mühəndis Haşem Əl-Qayli aviasiya sənayesini tamamilə dəyişdirəcək “Sky Cruise” otel-təyyarə layihəsini təqdim edib.
Nüvə enerjisi ilə işləyən gələcəyin təyyarəsi 5000-ə qədər sərnişin daşıyacaq. Otel-təyyarənin nüvə sintezinə əsaslanan 20 nüvə mühərriki olacaq ki, bu da karbon tullantısı probleminin həllinə kömək edəcək. “Sky Cruise” bir neçə il ardıcıl uça biləcək, yanacaq, sərnişin və yük daşınmasını isə adi təyyarələr həyata keçirəcək. “Sky Cruise”in daxilində 360 dərəcə səma mənzərəli panoramik otaq, liftlər, ticarət mərkəzləri, əyləncə kompleksləri, idman zalları, hovuzlar, restoran və kafelər, oyun meydançaları, teatr və kinoteatrlar, işgüzar danışıqlar üçün konfrans zalları, toylar üçün banket zalları olacaq.
Layihə barədə verilən məlumata əsasən, təyyarə süni intellekt sistemi tərəfindən idarə olunacaq, lakin pilot istənilən zaman idarəetməni ələ ala biləcək. Göyərtədə olan qonaqlar turbulentlik hiss etməyəcəklər. Titrəmələr aşkar edildikdə süni intellekt sistemi avtomatik olaraq, silkələnməni kompensasiya edən əks-vibrasiya yaradacaq. Ekspertlər isə layihənin həyata keçirilməsi ilə bağlı bir sıra sualların meydana çıxdığını söyləyiblər. Belə ki, onlar ixtiraçının ideyasının aerodinamika qanunlarına zidd olduğunu bildiriblər. Həmçinin, qeyd olunub ki, göyərtəsində nüvə reaktoru olan təyyarə hər hansı bir şəhərin üzərinə düşərsə, bu, atom bombasının partlamasına bərabər olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.