Yaponiya Ayda hidrogen zavodu tikəcək
Yaponiyanın kosmik agentliyi JAXA 2030-cu ilədək Ayın öyrənilməsinə dair planlarını açıqlayıb. Agentlik Ayda tikməyi planlaşdırdığı hidrogen zavodunda yanacaq kimi sudan istifadə etmək niyyətindədir. JAXA suyu peykdəki buz qalıqlarından əldə etməyi planlaşdırır.
Popmech.ru saytının məlumatına görə, Ayın səthində maye halında su mövcud olmasa da, daha öncə aparılmış tədqiqatlar göstərir ki, Yerin peykinin cənub qütbünə yaxın kraterdə heç vaxt Günəş işığının təsirinə məruz qalmamış buz mövcud ola bilər.
Agentlik hidrogen yanacağı əldə etmək üçün zavodu Ayın cənub qütbü ərazisində tikməyi planlaşdırır. JAXA bu işdə ABŞ ilə birgə fəaliyyət göstərəcək. Artıq ABŞ və yapon agentlikləri Ayətrafı stansiya layihəsi üzərində işləyirlər.
Güman edilir ki, yanacaq stansiyaya və geriyə dörd astronavtı aparmaq, eləcə də Ayda 1000 kilometrə qədər məsafə qət etmək imkanına malik kosmik gəmi üçün istifadə olunacaq.
JAXA-nın qiymətləndirməsinə görə, stansiyaya və geriyə səfər üçün 37 ton su lazımdır, Ayın səthində hərəkət üçün isə 21 ton tələb olunur. Agentlik hesab edir ki, Aydakı sudan hazırlanmış yanacaqdan istifadə suyu Yer kürəsindən daşımaqdan daha ucuz başa gələcək.