Yüksək Texnologiyalar Parkı ilə STEPI-nin birgə icra etdiyi layihə uğurla davam edir
30 Mart 2023-cü il tarixdə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun(STEPI) birgə həyata keçirdikləri “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsinin ikinci ili üçün başlanğıc görüşü keçirilmişdir. Layihənin kordinatoru Dr. Eun Joo Kim 2022-ci ildə olan fəaliyyətlər və cari ildə görüləcək işlərlə bağlı məlumat vermişdir. Daha sonra Yüksək Texnologiyalar Parkının icraçı direktoru Zaur Nəhmətov çıxış edərək YTP ilə STEPI arasında əməkdaşlığın tarixi, görülmüş işlər, əldə edilən və gözlənilən nəticələr barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Cari ildəki fəaliyyətləri dəyərləndirən icraçı direktor əqli mülkiyyətə həsr ediləcək və 2 ay ərzində hər həftə keçirilməsi planlaşdırılan onlayn mühazirələri, Seul və Bakı şəhərlərində keçiriləcək təlimlərin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir. Bu fəaliyyətlərin təkcə YTP üçün deyil, ümumilikdə ölkəmizin innovasiya ekosisteminin iştirakçıları üçün də faydalı olacağı və texnologiyaların transferi və kommersiyalaşdırılma sahələrində müvafiq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını ifadə edilmişdir.
Layihənin yerli ekspertləri, Samir Vəliyev, İsa Qasımov və Bünyamin Seyidov, Koreyalı ekspertlər STEPI-nin baş elmi işçisi Dr. Soo J.Sohn, Seul Milli Elm və Texnologiya Universitetinin professoru John Shim, Seul Milli Universitetinin professoru Youngtack Shim təqdimat və təkliflərlə çıxış etmişlər.
Daha sonra “Bilik laboratoriyası” formatında “Əqli mülkiyyət-İpək Yolu Azərbaycan” başlığı altında onlayn təlim keçirilmişdir. Təlimin məqsədi Koreyanın qabaqcıl əqli mülkiyyət sisteminə aid bilikləri paylaşmaq və bu sahədə Azərbaycan üçün səmərəli təkliflərin hazırlanmasıdır. Seul Milli Universitetinin professoru, uzun müddət ABŞ-ın aparıcı hüquq firmalarında patent vəkili kimi çalışmış Youngtack Shimin təqdimatında ilk mühazirə “İxtira və patent ərizəsinin verilməsi” mövzusuna həsr edilmişdir. Təqdimatda Koreya Respublikasının patent ekosistemi, ixtira layihələri, patentləşə bilən ixtiralar, patentin kompenentləri, patent sisteminin mahiyyəti, patent və müəllif hüquqları, ticarət nişanları və ticarət sirləri, aqressiv patent mühafizəsi kimi maraqlı alt-mövzular üzrə fikirlərini iştirakçılarla bölüşmüşdür. Qeyd edilən mövzularla bağlı sual və qeydlərini səsləndirən iştirakçılar maraqlı müzakirələr aparmışlar. Təlimlər növbəti altı həftə ərzində “Əqli mülkiyyət hüququnun pozulması və onun qarşısının alınması”, “Patent tələbləri”, “Güclü patenti necə əldə etmək olar?”, “Seleksiya patentləri və mülkiyyət hüquqları”, “Patent lisenziyası və kommersiyalaşdırılma” və “Patent biznesi” başlıqları altında davam edəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.