“İnnovasiya mədəniyyətinin əsası ibtidai təhsildən qoyulmalıdır...”
İnnovasiya yeniliklərə açıqlığı, sərbəst yanaşmanı, komanda ilə işləməyi, ünsiyyət bacarıqlarını, özünə inamı, tez qərar verməyi və həll yönümlü yanaşmanı dəstəkləyən mədəniyyəti ehtiva edir. İnnovasiya “dövrün tələblərinə uyğun olaraq ortaya çıxan yaradıcı ideyaların və ixtiraların həm biznesdə, həm də həyata təsir edən istənilən sahədə faydalı və ya dəyər yaradan nəticələrə çevrilməsi sistemidir”. Başqa sözlə, innovasiya “elm və texnologiya işığında bilik və bacarıqların fərdi, sosial və iqtisadi dəyərlərə çevrilməsidir”.
İnnovasiya şüurunun formalaşması innovasiya səmərəliliyinin artırılmasının ilkin şərtlərindən biridir. Bu şüurun formalaşması innovasiya mədəniyyətinin yaranmasına gətirib çıxarır ki, yeniliklər ancaq bu cür mədəniyyətin mövcudluğu ilə uğur gətirə bilər. İnnovasiya bir təkamül prosesidir ki, elmi və texnoloji biliklər tədricən müəyyən şərtlər altında keyfiyyət dəyişikliyi- yeni dəyərlərin yaradılması ilə müşayiət olunur. Yenilik bəzən daha çox dəyər qazanılmasına səbəb ola bilər. Belə demək mümkünsə, innovasiya kəşf edilməmiş şeyləri icad etmək deyil, dəyər yaratmağın yollarını kəşf etməyi hədəfləyir. İnnovativ fəaliyyətdə iqtisadi gəlir əldə etmək önəmli olsa da, innovativ vizyon təkcə gəlirliliyi deyil, eyni zamanda, marka dəyərini və əqli kapitalın da formalaşmasını labüd edir.
Bu fikirlər Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidovun “İnnovasiya mədəniyyəti və innovativ düşüncə” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Mərmərə Universitetinin innovasiyalar üzrə məsləhətçisi Mehmet Gokhan Karatoyun fikirlərinə görə, innovasiya mədəniyyəti “yaradıcılığın, yeniliyin, fərqli baxışın, həll yönümlü düşüncənin və dəyişikliyə açıq olmağın hədəfləndiyi və təşviq edildiyi və bunların tələb etdiyi qaydalara tam uyğunluğun təmin edildiyi bütün davranış və yanaşmalar” kimi qəbul olunur.
Avropada aparılan tədqiqatlar göstərir ki, yeni məhsulların hazırlanmasında innovasiya mədəniyyəti əhəmiyyəti rol oynayır. İnnovasiya mədəniyyətinin formalaşması ekosistemi canlı saxlayır və faydalı olmaq, dəyər vermək, dəstəkləmək, istifadə etmək, təcrübə mübadiləsi etmək üçün bütün maraqlı tərəflərin ortaq bir platformada olmasına zəmin yaradır. İnnovasiya ekosisteminin maraqlı tərəflərinin bir-biri ilə harmoniya təşkil etməsi innovasiya mədəniyyətini güclü edir. Başqa heç kimin görmədiyi və hiss etmədiyi fəaliyyət tərzi olaraq innovasiya əlavə dəyər yaratmağa fokuslanmış mədəni proses kimi dəyərləndirilir.
İnnovasiya mədəniyyətinin yaradılması müəyyən müddət tələb edən bir prosesdir. Bu səbəbdən bu mədəniyyətin tam formalaşmasını gözləmək hər şeyin sürətlə getdiyi, dünyanın yerində durmadığı bir dövrdə vaxt itkisi ola bilər. Buna görə də innovasiya mədəniyyətinin yaradılması ilə digər innovasiya fəaliyyətlərinin həyata keçirilməsi paralel aparılmalıdır. Bu paralel fəaliyyətlər həm dövlət, həm də innovasiya ekosisteminin oyunçuları tərəfindən həyata keçirilərsə, həmçinin cəmiyyət bunun formalaşmasında fəal iştirak edərsə, monolit bir innovasiya mədəniyyətinin formalaşmasından danışmaq olar. “Şüurda innovasiya” zehniyyəti ilə yenilik yaratmağa meyilliliyin təbliğ olunması, kütləvi texnologiya tədbirlərinin, o cümlədən festivalların keçirilməsi, innovasiyalar üzrə maariflənmə və bu kimi digər vasitələr gənc nəslin təşəbbüskarlıq ruhuna yeni impulslar verə bilər.
İnnovativ düşüncə bacarıqları sürətlə dəyişən dünyada uğur qazanmaq üçün vacibdir. Bu bacarıqları inkişaf etdirilməsi potensialın tam ortaya qoyaraq daha effektiv və yenilikçi bir düşüncə sahibi olmaq deməkdir. İnnovativ düşüncəni ənənəvi düşüncədən fərqləndirən əsas cəhət yeni bir şey yaratmaq qabiliyyətidir. Yenilikçi təfəkkürün köməyi ilə yeni ideyalar yaranır və problemlərə yeni həll yolları tapıla bilir. İnnovativ düşüncə, eyni zamanda, ideyalar və həllər yaratmaq üçün istifadə olunan yaradıcı düşüncə prosesidir. Problemlərə və ya proseslərə yanaşmaq üçün yeni metodların tapılmasını əhatə edən mürəkkəb bir işdir. Yenilikçi düşüncə həm də fərqli düşünmək yollarını axtarılması deməkdir. Yeni və orijinal ideyalar yaratmaq və mürəkkəb məsələlərə yeni həllər tapmaqla qeyri-ənənəvi yolları kəşf etmək və qeyri-müəyyənliyi qəbul etmək mümkündür.
Yenilikçi insanlar fikirlərini ifadə etmək üçün yeni yollar tapırlar. Onlar öz ixtira qabiliyyətləri ilə mövcud durumu dəyişdirirlər, başqaları ilə bölüşmək üçün unikal ideyalar fikirləşirlər. İnnovatorlar tez-tez yeni bir yanaşma təklif edən ilk insanlardır, çünki onlar fərqli bir şey etmək yollarını axtarırlar.
İnnovativ düşüncə müxtəlif kontekstlərdə, o cümlədən elmi və texnoloji problemlərin həlli üçün vacibdir. Yenilikçi düşüncə tərzini inkişaf etdirən fərdlər və təşkilatlar dəyişikliklərə daha çox uyğunlaşır, imkanlardan yararlanır və dinamik mühitlərdə rəqabət apara bilirlər. İnnovativ düşüncəni formalaşdıran ayrı-ayrı bacarıqlar vardır ki, bunlar, yaradıcılıq, orijinallıq, problem həll etmək, tənqidi düşüncə, maraq, əməkdaşlıq, ünsiyyət və digərləridir. Bunlar bütövlükdə innovativ düşüncənin formalaşmasında öz rolunu oynayır və onu şərtləndirir. Hər kəsin yenilikçi olmaq potensialı var. Yenilikçi düşünmə bacarıqlarının inkişaf etdirilməsi üçün yaradıcılıq imkanlarının axtarılması önəmlidir. Problemlə qarşılaşan zaman təxəyyülün istifadə edilməsi ilə yeni həll yollarının axtarılması qeyd olunan bacarıqlar sırasındadır.
Qəribə də olsa, bir çox innovatorlar uğursuzluğa yol vermək və səhvləri qiymətləndirməklə yaradıcı düşünmə qabiliyyətinin artırılmasının mümkünlüyünü hesab edirlər. Uğursuz cəhdlər ideyanı sınamaq və növbəti həll yoluna keçməyin effektiv yollarından biridir.
Peşəkar və şəxsi inkişaf yolu ilə istənilən mənbədən gələ bilən innovativ ideyalar bilik və bacarıqların artırılmasına zəmin yarada bilər. Yeniliyin tanınması, başqalarında olan yeni fikirlərin araşdırılması innovativ düşüncənin formalaşmasına ilham verən bacarıqlardandır. İnnovatorlar nadir hallarda tək işləyirlər. Onların malik olmadıqları bacarıqlarla yeni ideyaları həyata keçirmək üçün köməyə ehtiyacları var ki, bu da komanda işi ilə tamamlana biləcək fəaliyyətlərdir. İnnovativ ideyalar üzərində fikir mübadiləsi aparılması ümumi məqsədə çatmaq üçün ən yaxşı yollardan biridir.
Tənqidi təfəkkür, innovatorlara fikirləri dəqiqliklə araşdırmaq və qiymətləndirmək imkanı verir. Bu bacarıq müxtəlif həllər daxilində güclü və zəif tərəfləri müəyyən etməyə imkan verir, sübut və məntiqə əsaslanan qərarların qəbulunu asanlaşdırır.
Azərbaycan innovasiya yolunun başlanğıcındadır. Bu yol yeni dəyərlərin yaranması ilə müşahidə olunur. Eyni zamanda, innovasiya mədəniyyəti də tədricən formalaşmağa başlayır, müəyyən mərhələlərdən keçərək təkmilləşməyə doğru gedir. Təbii ki, innovasiya mədəniyyətinin əsası ibtidai təhsildən qoyulmalıdır ki, universitet yaşında olan gənclər yeniliyə, sahibkarlığa yönəlik fəaliyyətlərə cəsarətlə qoşula bilsinlər. Bu istiqamətdə qabaqcıl addımların atıldığını demək olar. 2019-2020-ci tədris ilindən start götürən "STEAM Azerbaijan“ layihəsi STEAM təhsil metodu ilə 5 əsas istiqaməti - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Bu layihə mahiyyət etibarilə şagirdlərdə innovativ bacarıqların və düşüncənin formalaşmasına xidmət edir.
Həmçinin istehsal gücü olan tədqiqat və inkişaf mərkəzlərinin artırılması, innovasiya mədəniyyətinin formalaşması prosesinə öz töhfəsini verə bilər. Bu proses, eyni zamanda, ölkəmiz üçün mühüm prioritetlərdən olan insan kapitalının artmasına təsir edən amillərdən biri kimi dəyələndirilməlidir. Dayanıqlı bir mədəniyyət əsasında formalaşan innovasiya ekosistemi insan kapitalın xaricə getməsinin qarşısını alan əsas vasitələrdən biri ola bilər.
Respublikamızda dövlət səviyyəsində innovasiyalara dəstək nəzərə çarpacaq dərəcədə hiss olunur. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi müxtəlif təqaüd proqramları, yarışmalar, regionlarda və Bakıda müxtəlif startap müsabiqələri, festivallar keçirməklə və müxtəlif mükafatlar təsis etməklə ölkədə innovasiya mədəniyyətinin formalaşmasına öz dəstəyini verməkdədir. Qafqaz Vencur Fondunun təsis olunması, eləcə də digər fond və maliyyə mənbələrinin, innovasiya mərkəzlərinin startap və yeni ideya müəlliflərinin ixtiyarına verilməsi innovasiya ekosisteminin inkişafı və gələcək imkanları haqqında nikbin düşünməyə əsas verir.