Akademik Ramiz Mehdiyev: “Yüksək Texnologiyalar Parkının infrastrukturu müasirləşdirilir”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin əməkdaşlarına verdiyi müsahibə zamanı AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyətinə toxunub.
Akademik bildirib ki, AMEA Rəyasət Heyətinin binası ilə yanaşı, Təmir-tikinti və Nəqliyyat-təsərrüfat şöbələrinin yerləşdiyi geniş ərazidə də abadlıq və əsaslı yenidənqurma işləri aparılır. Bu işlərin nəticələri haqqında ölkə rəhbərliyinə məlumat verilib. Həmçinin YT Park-ın infrastrukturu müasirləşdirilir, abadlıq işləri görülür: “Akademiyanın kollektivi əmin olsun ki, bundan sonra da infrastrukturun müasirləşdirilməsi istiqamətində bütün zəruri addımlar atılacaq. Akademiya olduqca böyük təsərrüfatdır və onun illərlə yığılıb qalan problemlərini birdən-birə həll etmək mümkün deyil”.
Akademik R.Mehdiyev müsahibə zamanı YT Parkın Azərbaycan ordusuna göstərdiyi dəstəkdən də danışıb: “Digər tərəfdən mənim tapşırığımla Yüksək Texnologiyalar Parkı öz rezidenti olan Təcrübə-Sənaye Zavodu ilə birgə Silahlı Qüvvələrimizə müxtəlif növ yuyucu vasitələr, dərman ləvazimatları, isti geyimlər çatdırıb. Akademiyanın Təcrübə-Sənaye Zavodu ordumuzu müxtəlif növ mühərrik yağları ilə təchiz etmək üçün hazırdır. Aidiyyətı üzrə müraciət edildiyi halda, dərhal reaksiya verəcəyik”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.