AMEA Yüksək Texnologiyalar Parkında ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib
27 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında 2018-ci ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
Gündəlikdə duran məsələ Texnologiyalar parkı haqqında Nümunәvi Әsasnamә və AMEA YT Parkın Nizamnaməsinə uyğun olaraq, 2018-ci ilin yekun illik hesabatlarının hazırlanmasından ibarət olmuşdur.
Yığıncağı giriş sözü ilə AMEA YT Parkın direktoru iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov açaraq kollektiv üzvlərini qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etdi, hamıya işlərində və şəxsi həyatlarında müvəffəqiyyətlər arzu etdi.
N.Şükürov bildirdi ki, “Texnologiyalar parkı haqqında Nümunәvi Әsasnamә” nin 5-ci bəndinə uyğun olaraq, texnoparkın sәlahiyyәtli orqanı texnoparkın fәaliyyәti barәdә illik hesabat hazırlamalı vә Azәrbaycan Respublikasının Prezidentinә tәqdim etməlidir. Ona görə də hər bir əməkdaş öz vəzifə səlahiyyətləri çərçivəsində 2018-ci ildə yerinə yetirilmiş işlər barədə hesabat hazırlamalıdır. Bütün hesabatlar ümumiləşdirilərək icmallaşdırılmalı və səlahiyyətli orqanla razılaşdırılaraq, nəfis şəkildə çap olunmalıdır.
N.Şükürov tapşırdı ki, AMEA YT Parkın dünəni və bu günü fotoşəkillər və video materiallarla müqayisəli şəkildə əks etdirilsin. Ərazidə yerinə yetirilmiş mühəndis-infrastruktur layihələri, abadlıq işləri öz əksini tapsın.
AMEA YT Parkın rezidentləri, onların istehsal etdikləri məhsullar, əldə olunmuş nailiyyətlər, planlar, qarşıda duran problem barədə ətraflı bəhs olunsun. Bununla əlaqədar rezident şirkətlərdən illik hesabatlar toplanılsın.
2018-ci ildə rezident “Buta Armor” şirkətinin zirehli jiletlərin və aksesuarlarının istehsalı üçün icazənin alınmasının xüsusi əhəmiyyət daşıdığını və Azərbaycan Respublikasında bu halın ilk dəfə olmasını nəzərə alaraq, illik hesabatda bu məsələ öz əksini tapsın.
Daxili auditor və maliyyə şöbəsinə AMEA YT Parkın son bir ildəki fəaliyyətinə müstəqil auditor rəyinin hazırlanması tapşırılmışdır.
İllik hesabatların hazırlanması üçün icraçılar müəyyən olunmuş, konkret tapşırıqlar verilmişdir.