Ağır neftin emalı üzrə AMEA Neft-Kimya Prosesləri İnstitutunun Yüksək Texnologiyalar Parkı ilə birgə innovativ layihənin kommersiyalaşdırılması tədbirləri
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun direktoru akademik Vaqif Abbasov, AMEA Prezidentinin mükafatına layiq görülmüş gənc alim Kimya elmləri doktoru İsmayıl İsmayılov, AMEA YT Parkın direktoru i.ü.f.d Nazim Şükürov, infrastruktur üzrə direktor müavini a.e.ü.f.d. Elxan Bayramov, strateji inkişaf üzrə direktor müavini h.e.ü.f.d. Məmməd Bağırzadə, xüsusi şöbənin müdiri Adil Məmmədov, baş mühəndis Mübariz Allahverdiyev, təşkilati işlər üzrə baş mütəxəssis Məmməd Qubadov, AMEA YT Parkın rezidentliyinə iddiaçı “Tural-110” MMC-nin direktoru texnika elmləri üzrə fəlsəfə doktoru Vaqif Mirzəyev, AMEA YT Parkın rezidentliyinə iddiaçı “İnkor” MMC-nin direktoru Vüqar Fərəcovun iştirakı ilə Sumqayıt şəhərində ağır neftin emalı üzrə səmərəli texnoloji proses və mühəndis qurğusu ilə tanışlıq həyata keçirilmişdir. Görüş zamanı müəyyən edilmişdir ki, Azərbaycan alim və mühəndislərinin iştirakı ilə Albaniyada, Əfqanıstanda və Qazaxıstanda ağır neftin emalı üzrə qurğular son məhsula qədər, yəni innovativ layihə sənayeləşdirilərək sahiblərinə təhvil verilmişdir.
Ağır neft məhsulunun və qalıqlarının emalı hazırda aktual məsələdir.
Belə ki, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa 2018-ci ilin sentyabrın 25-də AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olmuşdur. Monqolustan Prezidentinə AMEA YT Park və ərazidə istehsal olunan məhsullar barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, YT Park elm, texnologiya və innovasiya vasitəsilə ilə milli iqtisadi inkişafa töhfə verməyi qarşısına məqsəd qoyub. Həmçinin milli innovasiya sistemini genişləndirmək və bu sahəyə investisiya axınını gücləndirməyi hədəf alaraq uğurlu layihələrin həyata keçirilməsini dəstəkləyir.
Görüş zamanı Monqolustan Prezidenti sənaye, mühərrik və sürtkü yağları barədə və belə bir istehsal sahələrinin Azərbaycan alimlərinin iştirakı ilə Monqolustanda yaradılmasını, bu imkanların nəzərdən kecirilməsini xahiş etmişdir.
AMEA Prezidenti akademik Akif Əlizadənin göstərişinə əsasən bu işlərin həyata keçirilməsi ilə bağlı imkanlar təhlil edilmiş və gələcəkdə kommersiyalaşması nəzərdə tutulan bu layihənin işçi heyəti müəyyənləşdirilir. Bu işlərin həyata keçirilməsi ilə bağlı AMEA NKPİ-də müvafiq lisenziya və patentlər, faydalı model və senaye üslubu və təcrübələrin mövcudluğu 08 fevral 2019-cu il tarixində keçirilmiş görüş zamanı müəyyən edilmişdir.
Akademik Vaqif Abbasov neftin emalının səmərəli prosesləri və bu haqda çoxlu sayda patentlərin, praktik bacarıqların olması barədə məlumat verdi.
İranda Tehran yaxınlığında Şəhriyar şəhərində t.e.ü.f.d. Vaqif Mirzəyevin və akademik Vaqif Abbasovun iştirakı ilə EVRO 5 standartlarına uyğun benzin alınması qurğusunun yaradıldığı haqda məlumat verildi. Neft-Kimya Prosesləri İnistitunda neftin emalının texniki-iqtisadi əsaslandırılması istiqamətində müvafiq strukturun mövcudluğu və işləri barədə geniş danışıldı. Katalizatorlar barədə ətraflı müzakirələr aparıldı.
Görüş zamanı Monqolustan neftini tam tədqiq edərək faydalı modelini qurduqdan və ölkə üçün əlverişli istiqamət müəyyənləşdikdən sonra istehsalın təşkil olunması barədə qərar veriləcəyi bildirildi.
Qeyd edilənlərlə əlaqədar AMEA, özəl sektor, AMEA YT Park üçbucağı üzrə işlərin koordinasiya olunması və gələcək görüləsi tədbirlər barədə AMEA-nın Prezidenti akademik Akif Əlizadəyə məruzə edilməsi barədə qərar qəbul edildi.