AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində seminar keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə YT Parkın, STEPİ-nin, Cənubi Koreyanın Hoseo və Honbat universitetlərinin əməkdaşları, o cümlədən AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Seminarı YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovaçaraq AMEA-nın ölkəmizdə elm sahəsində dövlət siyasətini həyata keçirən ali təşkilat olduğunu deyib. Bildirib ki, bu gün Azərbaycan alimləri öz innovativ ideyaları və layihələri ilə respublikanın iqtisadiyyatına töhfə verməkdədirlər.

N.Şükürov 5 gün davam edəcək seminarın əsas məqsədinin Azərbaycanda texnologiyaların transferi və elmi nailiyyətlərin kommersiyalaşdırılması imkanlarının öyrənilməsi olduğunu bildirib.

Hazırda Cənubi Koreyanın Asiya qitəsinin ən inkişaf etmiş dövlətlərindən biri olduğunu deyən alim qeyd edib ki, sözügedən ölkədə adambaşına düşən ümumi daxili məhsul 30 min dollardan çoxdur və bu baxımdan Cənubi Koreyanın təcrübəsinin öyrənilməsi olduqca vacibdir.

Sonra YT Parkın Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı təmsil etdiyi qurumun fəaliyyət prosesi barədə təqdimatla çıxış edib. V.Süleymanlı qurumun rezidentləri tərəfindən hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların, sürtkü yağlarının və digər məhsulların istehsal olunduğunu bildirib. O, həmçinin YT Parkın rezidentlərinə qanunvericiliyə müvafiq qaydada vergi və gömrük güzəştlərinin tətbiq edildiyini vurğulayıb.

Bundan əlavə, V.Süleymanlı AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən rəsmiləşdirilmiş ixtiraların patent bankının yaradıldığını diqqətə çatdırıb.

Daha sonra STEPİ-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon, Hoseo Universitetinin professoru Sanq Hyuk Suh və Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırılması sahəsində Cənubi Koreya təcrübəsinə dair təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.