AMEA YT Parkda Bioinformatika sahəsində seminar proqramı keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (YT Park) Biznes İnkubasiya Mərkəzi 8 yanvar 2018-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Bioinformatika sahəsində seminar proqramı keçirmişdir.
Seminarda məruzəçi kimi Kanadanın Toronto Universitetinin Molekulyar Genetika və Genom Biologiyası ixtisası üzrə məzunu, tədqiqatçı, LearnHub Azərbaycan təşkilatının üzvü Nihat Əliyev çıxış etmişdir. Seminarın auditoriyası AMEA-nın professor-müəllim heyyəti, əməkdaşları, universitetlərin tələbə-müəllim heyyəti və orta məktəb şagirdlərindən ibarət olmuşdur.
Seminarın açılış nitqi zamanı AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzinin müdiri Vüsal Süleymanlı iştirakçılara AMEA YT Parkda elmin kommersiyalaşması, innovasiya ekosisteminin formalaşması istiqamətində görülən tədbirlər haqqında məlumat vermiş və gəncləri innovativ, elm tutumlu biznes layihələri ilə AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzinə müraciət etməyə və mərkəzin xidmətlərindən faydalanmağa səsləmişdir.
AMEA Genetik Ehtiyyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-da bu sahədə həyata keçirilən tədqiqat layihələrindən bəhs etmiş və aqrar sahədə biotexnologiyaların, bioinformatikanın tətbiqi metodları haqqında ətraflı məlumat vermişdir.
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama Struktur Biologiyası laboratoriyasının elmi işçisi Məsməliyeva Rəfiqə müasir genetikada bioinformatika səhəsinin beynəlxalq aləmdə ən önəmli sahələrdən biri olduğunu qeyd edərək Azərbaycanda bu istiqamətdə görülən tədbirlərin daha da çox olmasının əhəmiyyətindən danışmışdır.