Bakıda “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb.
Bu gün Bakı şəhərində 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX-2018 öz işinə başlayıb.
Sərginin açılışını Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov edib. F.Ələsgərov Prezident İlham Əliyevin təbrik məktubunu sərgi iştirakçılarının diqqətinə çatdırıb.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə müasir silah və texnikanın, eləcə də milli müdafiə kompleksinin imkanları nümayiş olunur. Sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
Bu il ADEX-2018 sərgisi dünyanın 32 ölkəsini təmsil edən 209-dan artıq şirkəti bir araya gətirəcək və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcəkdir. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr ADEX 2018 sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib. Belə ki, 2016-cı il ilə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.
Bu il AMEA-nın Yüksək Texnologiyalar Parkı (AMEA YT Park) sərgidə ilk dəfə çıxış edir.
“ADEX” sərgisində AMEA YT Park tərəfindən həm hərbi, həm də ikili təyinatlı məhsullar təqdim etmişdir. Belə ki, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki komplekslər, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, zirehli jiletlər və onların aksesuarları rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama sistemləri, eləcə də digər sektorlar təqdim olunur.
Sərginin işgüzar proqramı çərçivəsində informativ və əyləncəli tematik tədbirlər, o cümlədən ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatlar, eləcə də sənaye nazirliklərinin rəhbərləri, xarici hərbi nümayəndə heyətləri, istehsalçı şirkətlər və sifarişçilər ilə ikitərəfli görüşləri keçirilir.
Qeyd edək ki, ADEX 2018 sərgisi sentyabrın 25-dən 27-dək davam edəcək.