Məlumdur ki, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan elm ictimaiyyəti üçün önəmli strateji missiya kimi qəbul edilən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) yaradılmışdır. Bu müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılmasını nəzərdə tutur. Sərəncama əsasən, AMEA YT Parkda istehsal edilən məhsulların dövlət əsaslı sifarişlə satılması planlaşdırılmışdır.
   Yanvarın 28-də YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov rəhbərlik etdiyi müəssisədə istehsal olunan məhsulların 2019-cu il təsərrüfat ilində satınalınması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təminat şöbəsinin müdiri Mahmud Məmmədəliyevlə görüşüb.
N.Şükürov bildirib ki, rəhbərlik etdiyi müəssisədə yüksək keyfiyyətli və münasib qiymətlərə malik 100-dən artıq çeşiddə sənaye və sürtkü yağları hazırlanır. Burada istehsal edilən məhsullar ölkədaxili istehlakla yanaşı, həm də ixrac yönümlüdür və beynəlxalq standartlara cavab verir.
    Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20-dən çox müalicəvi müəssisənin fəaliyyət göstərdiyi, burada YT Parkın istehsal etdiyi, yüksək müalicəvi effektə malik Ağ Naftalan yağından istifadənin məqsədəuyğun olduğu bildirilib. Həmçinin Naftalan yağının müalicəvi xüsusiyyətləri, bu yağın istehsalının genişləndirilməsi və onun dövlət əsaslı sifarişlə əldə olunmasına dair fikir mübadiləsi aparılıb, iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.