AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə “Aqrolizinq” ASC arasında görüş keçirilib
AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmağı nəzərdə tutur.
AMEA YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədr müavini Mehman İsmayılovla görüşüb. Görüşdə YT Parkın rezidentlərinin istehsal etdiyi elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların, sənaye mineral və sürtkü yağlarının dövlət müəssisələrində satınalınması ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin iki qurum arasında müvafiq sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi və kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə dair təkliflər irəli sürülüb.
Qeyd edək ki, “Aqrolizinq” ASC kənd təsərrüfatı məhsul istehsalçılarının maddi-texniki bazasının yaradılmasını, sahibkarların lizinq qaydası ilə texnika, texnoloji avadanlıq və s. ilə təmin edilməsini həyata keçirir. “Aqrolizinq”in xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı istehsalçılarının təminatı təkmilləşib, aqrotexniki xidmətin dairəsi genişlənib.