AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov Azərbaycan Televiziyasının "Səhər" proqramının qonağı olub.

Verilişdə N.Şükürov YT Parkın ölkə başçısının 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü və elmtutumlu məhsulların istehsalı, alimlərin elmi tədqiqatlarının tətbiqi, kommersiyalaşdırılması məqsədilə yaradıldığını bildirib.

YT Parkın 21 hektar ərazini əhatə etdiyini deyən alim burada yeni innovativ layihələri olanlar, bizneslə məşğul olmaq istəyənlər, o cümlədən startapçılar üçün vergi, gömrük güzəştlərinin nəzərdə tutulduğunu söyləyib. Gənc alimləri və startapçıları rəhbərlik etdiyi quruma dəvət edən N.Şükürov onların ideyalarını dəstəkləməyə hazır olduqlarını vurğulayıb.

O, YT Parkın alimlərdən ibarət Ekspertlər Şurasının olduğunu və şura tərəfindən yeni ideyaların uğurlu tətbiqi üçün biznes planının, texniki-iqtisadi əsaslandırılmanın, satış bazarı və marketinqinin müəyyənləşdirilməsinə dəstəyin verildiyini diqqətə çatdırıb.

N.Şükürov bu gün Parkın ərazisində 10 rezidentin fəaliyyət göstərdiyini, mülki və respublikanın hərbi-müdafiə qüdrətinin artırılması istiqamətində rəqabətədavamlı məhsulların istehsal olunduğunu bildirib.