Görkəmli alim, akademik Arif Paşayevin 85 yaşı tamam olur

Bu gün görkəmli fizikaçı alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim, Dövlət Mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı, Rusiya Təbiət Elmləri Akademiyasının Fəxri akademiki, Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin 85 yaşı tamam olur.

Arif Mir Cəlal oğlu Paşayev 15 fevral 1934-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1951-ci ildə Bakıda 164 nömrəli orta məktəbi, 1957-ci ildə isə Odessa Elektrotexnika Rabitə İnstitutunu bitirib.

O, əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) laborant vəzifəsində başlayıb. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının (AEA) Fizika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya müdiri işləyib.

Alim 1960-cı ildə SSRİ-nin aparıcı elmi mərkəzlərindən sayılan Dövlət Nadir Metallar İnstitutunun aspiranturasına qəbul olub, 1966-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi katibi vəzifəsinə təyin edilib. A.Paşayev 1971-1996-cı illərdə Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" və "Yarımkeçiricilərdə elektromaqnit və akustooptik proseslərin fiziki-texniki problemləri" laboratoriyalarının rəhbəri kimi müəssisənin elmi istiqamətlərinin müəyyən edilməsində fəal iştirak edib. 

O, 1996-cı ildən indiyə kimi "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasının rektorudur.

Akademikin elmi fəaliyyətinin əsas istiqamətini yarımkeçirici cihazlar və yarımkeçiricilər fizikası təşkil edir. O, həyatının 40 ildən artıq bir dövrünü elektromaqnit nəzarət fizikasının və yarımkeçiricilərin parametrlərinin ölçülməsi metodlarının elmi əsaslarının inkişafına və tədqiqinə həsr edib. A.Paşayev, eyni zamanda yüksək və ifratyüksək tezliklər sahəsində materialların kontaktsız üsullarla tədqiqatlarının fiziki əsaslarının yaradıcısı hesab olunur.

Alim Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaradıb və bu qurğuda Qann effekti tədqiq edilib. Növbəti illərdə isə yarımkeçiricilərdə elektrik, fotoelektrik və digər xassələri kontaktsız tədqiq etmək metodunu yaratmağa müvəffəq olub. A.Paşayev yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini (keçiricilik, yükdaşıyıcıların yaşama müddəti, yürüklüyü və s.) ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaradıb, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoyub.

O, 1965-ci ildə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik, 1978-ci ildə isə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiq perspektivləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb.

Akademik ilk dəfə yüksək temperaturlu ifratkeçirici materialların xüsusiyyətlərini, İttrium-Barium-Kuprum-Oksid (Y-Ba-Cu-O) sistemlərində infraqırmızı əksetdirmə spektrlərini və radiasiyaya davamlılığı məsələlərini tədqiq edərək, bu sistemlərdə atomların bir qisminin əvəz edilməsinin xarakterik keçid temperaturuna təsirini müəyyən edib. Bu istiqamətdə 1988-1990-cı illərdə aparılmış tədqiqatların nəticələrinə görə o, SSRİ Elmlər Akademiyasının "İfratkeçirici elektronika" Elmi Şurasının xüsusi mükafatına layiq görülüb. 

Akademik 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

Arif Paşayevin elmi-tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənməsi ilə bağlı olub. O, 1993-1997-ci illərdə fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini araşdıraraq bu effekti bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq edib.

Onun rəhbərliyi ilə neft-qaz boru kəmərlərində hidratla, neft çıxan borularda isə parafinlə mübarizə üçün iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul və vasitələr yaradılıb. Bu sahədə görülən işlər daha da genişləndirilib, parafin və hidrata qarşı istifadə olunan, yüksək faydalı iş əmsalına malik unikal avtomatik elektrik qızdırıcı qurğu hazırlanıb.

Fizika sahəsindəki yüksək nailiyyətlərinə görə o, "SSRİ-nin İxtiraçısı" medalı ilə təltif olunub, eləcə də 1989-cu ildə AMEA-nın müxbir, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir. O, 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri alıb. 

Akademikin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib və o, 2004-cü ildə "Şöhrət", 2009-cu ildə "Şərəf" və  2014-cü ildə "İstiqlal" ordenləri ilə təltif edilib. Bundan əlavə, Nobel mükafatı laureatı İ.V.Pavlov adına "Qızıl nişan" və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, həmçinin Beynəlxalq Aviasiya Komitəsinin "Qızıl medal"ları, eləcə də Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeninə layiq görülüb.

Arif Paşayev Ukrayna və Gürcüstan Milli Aviasiya akademiyalarının fəxri doktoru, Vyana Beynəlxalq Universitetinin fəxri professoru, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının Fəxri akademiki və Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib. Eyni zamanda 2005-ci ildə təsis edilmiş Azərbaycan Mühəndislik Akademiyasının prezidentidir.

Görkəmli fizikaçı alimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmin və təhsilin inkişafı istiqamətindəki fəaliyyətlərində uğurlar arzu edirik!