AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində Bakı şəhərində olan koreyalı qonaqlar bu gün AMEA YT Parkda olublar.

Qonaqları AMEA YT Parkın direktor müavinləri aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin şöbə müdiri Bünyamin Seyidov müşayiət ediblər.

AMEA Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzində (AMEA SEASM) qonaqlara laboratoriya avadanlıqları, Mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verilmişdir. Mərkəzdə yaradılmış maddi-texniki baza, müasir tələblərə cavab verən iş şəraiti, beynəlxalq akkreditasiyadan keçməsi böyük marağa səbəb olmuşdur. Spesifik suallar cavablandırılmış, görüş diskussiya şəraitində aparılmışdır.

AMEA Təcrübə Sənaye Zavodunun istehsal sahəsi ilə tanış olduqdan sonra hazır məhsul anbarında toplanılmış mallar barədə məlumat verilmişdir.

Sonra qonaqlar İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA arasında yaradılmış “Millers Oils Azərbaycan” birgə müəssisəsinin yağ istehsalı sahəsi ilə tanış olmuşlar. Burada istehsal prosesinin mərhələləri, bir mərkəzdən müasir kompüter texnikası vasitəsilə idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilmişdir. 

Bildirilib ki, bu gün Azərbaycan alimləri öz innovativ ideyaları və layihələri ilə respublikanın iqtisadiyyatına töhfə verməkdədirlər. Texnoparkın rezidentləri tərəfindən hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların, sürtkü yağlarının və digər məhsulların istehsal olunduğu bildirilib. YT Parkın rezidentlərinə qanunvericiliyə müvafiq qaydada vergi və gömrük güzəştlərinin tətbiq edildiyini vurğulanıb.

Daha sonra STEPİ-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eunjoo Kim, layihənin koordinatoru SoHyun Kwon, Hanbat Universitetinin professoru Yonq İn Çoi ilə icrasına yeni başlanılan 2 illik layihənin icra qrafiki müzakirə olunmuşdur. Qərara alınmışdır ki, Azərbaycan tərəfindən layihənin əlaqələndirici şəxsi müəyyənləşdirilməlidir. Layihə qrupunun tərkibi formalaşdırılmalıdır. Azərbaycanda elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üçün, yerli şərait nəzərə alınmaqla, Koreyalı mütəxəssislər tərəfindən aparılacaq treyninqlərin mövzuları hazırlanmalıdır. Cari ilin iyun ayında Azərbaycan nümayəndə heyətinin Koreyaya səfəri zamanı keçiriləcək təlimlər qeyd olunan məsələlərin əsasında formalaşdırılacaqdır.