Fevralın 21-də Bakı Ali Neft Məktəbinin Kimya mühəndislik fakültəsinin tələbə heyəti AMEA Yüksək Texnologiyalar Parkına səfər edib, istehsal prosesi və yaradılmış infrastruktur ilə tanış olublar.
     Qonaqları YT Parkın infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə qəbul ediblər. YT Parkın rezidentləri "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers Oils Azerbaijan" MMC-nin fəaliyyət prosesi ilə tanış olan gənclərə burada beynəlxalq standartlara uyğun yüksək keyfiyyətdə istehsal edilən sənaye, mühərrik, sürtkü və hidravlik yağları, həmçinin müalicəvi əhəmiyyətə malik "Naftalan yağı" barədə məlumat verilib. "AMEA Təcrübə-Sənaye Zavodu" MMC-nin direktoru Vasif Abbasov, baş mühəndis Adil Ağayev bildirib ki, burada elmtutumlu, innovativ, rəqabətədavamlı və ixracyönümlü 100-dən çox adda yerli məhsul istehsal olunur. Daha sonra "AMEA Təcrübə-Sənaye Zavodu" MMC-nin əməkdaşı Səxavət Rüstəmov YT Parkda fəaliyyət göstərən laboratoriya ilə qonaqları tanış edərək burada göstərilən xidmətlər barədə qonaqları məlumatlandırıb.
  Görüş zamanı elm, təhsil və təcrübənin vəhdətinin biznesdə uğur qazanmaq üçün ən mühüm amil olduğu gənclərin diqqətinə çatdırılmışdır. Mərkəzdə həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti Bakı Ali Neft Məktəbinin tələbələrinin böyük marağına səbəb olub.