AMEA Yüksək Texnologiyalar Parkının (AMEA YT Park) direktoru, i.ü.f.d Nazim Şükürov, “Millers Oils Azerbaijan” MMC-nin direktoru tex.ü.f.d. Sənan Abdullayev Azərbaycanda öz nüfuzu ilə tanınmış Porsche Bakı Mərkəzində görüşdə iştirak ediblər.
   Görüşün əsas məqsədi yüksək keyfiyyətli “Millers Oils Azerbaijan” brendinin tanıtımından və Porsche Bakı Mərkəzi üçün faydalı olacağına dair müzakirədən ibarət olub.
   Görüş zamanı N.Şükürov Porsche Bakı Mərkəzinin satış meneceri Vüqar Babayevə Azərbaycan elmi ictimaiyyəti üçün önəmli strateji missiya kimi qəbul edilən Yüksək Texnologiyalar Parkının Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradıldığını bildirib. Müəssisə ölkədə idxaldan əsaslı asılılığı azaltmaq və Azərbaycanda sərfəli qiymətlə məhsulların satışının təmin edilməsi məqsədi ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılmasını nəzərdə tutulduğu vurğulanıb.
   AMEA YT Parkın rezidenti, Böyük Britaniyanın “Millers Oils” şirkətinin birgə təsisçisi olduğu “Millers Oils Azerbaijan” MMC-nin direktoru, tex.ü.f.d. Sənan Abdullayev bu müəssisədə müxtəlif çeşiddə beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli və münasib qiymətlərə avtomobil yağlarının istehsal olunduğunu bildirib və bu məhsulların dünyanın bir sıra tanınmış iri avtomobil şirkətləri tərəfindən keyfiyyət sertifikatları ilə də təmin edildiyini nümayiş etdirib.
   Daha sonra Porsche Bakı Mərkəzinin satış meneceri Vüqar Babayev Porschenin rəsmi internet portalına (www.porsche.com) daxil olaraq Porsche avtomobil markaları üçün tövsiyə olunan avtomobil yağlarının siyahısında “Millers Oils Azerbaijan” brendinin mövcud olduğuna və təsdiqləndiyinə görə məmnun olduğunu bildirərək AMEA YT Park ilə əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib. Satış meneceri Vüqar Babayev AMEA YT Parkın direktoru Nazim Şükürova və “Millers Oils Azerbaijan” MMC-nin direktoru Sənan Abdullayevə mərkəzdə iştirak etdikləri üçün təşəkkürünü bildirib.