AMEA YT Parkın nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər
YT Parkın nümayəndələri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak ediblər
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilir.
Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ümumxalq yürüşünün iştirakçıları və minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutublar.
AMEA Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov, infrastruktur üzrə direktor müavini Elxan Bayramov, Strateji inkişaf üzrə direktor müavini Məmməd Bağır-zadə və YT Parkın aparatının vəzifəli şəxsləri yürüşdə iştirak ediblər.
Onlar Xocalı soyqırımı qurbanlarının abidəsinin önünə tər çiçəklər düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.