28 fevral 2019-cu il tarixdə ADA Universitetində Karyera Xidmətləri tərəfindən Karyera sərgisi öz işinə başlayıb. Sərginin təşkilində əsas məqsəd ölkənin müxtəlif ali məktəblərində təhsil alan tələbələri müvafiq qurum və şirkətlərlə tanış etmək, onları təcrübə proqramları və iş imkanları barədə məlumatlandırmaq və gələcək karyera planları ilə bağlı müzakirələr aparmaqdır.
   Sərgi, həmçinin tələbələrə mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı verir.
   Martın 2-dək davam edəcək tədbir çərçivəsində Azərbaycanın müxtəlif şirkətlərinin fəaliyyətinə dair stendlər təqdim olunacaq.
   Sərgidə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) da stendi nümayiş etdirilib. Stenddə YT Parkın əsas fəaliyyət istiqamətləri, elm və biznesin qovuşduğu bu məkanda həyata keçirilən innovativ layihələr və istehsal olunan məhsullara dair bukletlər, kitab və kitabçalar yer alıb.
   Qeyd edək ki, YT Park müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılmasını nəzərdə tutur.