AMEA-nın Yüksək Texnologiyalar Parkında  müxtəlif sahələr üzrə innovativ düşüncənin biznesə çevrilməsi, elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması prosesi həyata keçirilir. YT Parkın AMEA Mikrobiologiya İnstitutunda həyata keçirilən “Göbələk mənşəli bioloji aktiv maddə” innovasiya layihəsinin kommersiyalaşdırması da bu qəbildəndir.
       18 mart 2019-cu il tarixdə bu layihənin müzakirəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Elmi-Tədqiqat İnstitutunun (BETİ) direktoru, baytarlıq üzrə fəlsəfə doktoru Sialə Rüstəmova, qurumun direktor müavini, baytarlıq elmləri üzrə fəlsəfə doktoru İlham Əzimov, elmi işlər üzrə direktor müavini, baytarlıq üzrə fəlsəfə doktoru Səhman Bayramov, YT Parkın Hüquq şöbəsinin əməkdaşı Fikrət Qaibov, Maliyyə şöbəsinin əməkdaşı Seymur Sadıqov, Koordinasiya və Monitorinq şöbəsinin əməkdaşı Elşən Əliyev, eləcə də Koordinasiya və Monitorinq şöbəsinin baş mütəxəssisi Məmməd Qubadov iştirak ediblər.
       Toplantıda Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun müəllifi olduğu “Göbələk mənşəli bioloji aktiv maddə” adlı elmi-tədqiqat işi BETİ-yə təqdim olunub.
       Bildirilib ki, alimlər tərəfindən bir neçə dəfə sınaqdan keçirilmiş bu ixtira artıq Baytarlıq Elmi-Tədqiqat İnstitutunda praktiki təsərrüfatda sınaqdan keçirilmə mərhələsindədir. Bu məqsədlə göbələk mənşəli bioloji aktiv maddə Yüksək Texnologiyalar Parkı tərəfindən müvafiq əmtəə görünüşlü xüsusi kisələrdə qablaşdırılıb.
       Həmçinin qeyd olunub ki, “Göbələk mənşəli bioloji aktiv maddə” layihəsinin kommersiyalaşdırılması ilə bağlı son mərhələ həyata keçirilir.
       Qeyd edək ki, sözügedən layihə “Elm həftəsi”nə həsr olunmuş və YT Park tərəfindən keçirilmiş müsabiqədə “ən yaxşı innovasiya məhsulu” üzrə qalib seçilib.