27 mart Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilir. Bu gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis olunub. Bu tarix həm də ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir.
Elmi ictimaiyyət nümayəndələri peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
     Daha sonra AMEA Prezidenti akademik Akif Əlizadə AMEA Yüksək Texnologiyalar Parkına səfər etmişdir.
     AMEA Prezidenti akademik Akif Əlizadəni AMEA YT Parkın direktoru iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov müşayiət etmişdir. AMEA Yüksək Texnologiyalar Parkının Strateji Elmi Analitik Sınaq Mərkəzində (AMEA SEASM) Kamal Yusifov laboratoriya avadanlıqları, Mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat vermişdir. Mərkəzdə yaradılmış maddi-texniki baza, müasir tələblərə cavab verən iş şəraiti və iş prosesinin daha da təkmilləşdirilməsi üçün akademik Akif Əlizadə göstərişlərini vermişdir.
     Akademik Akif Əlizadə AMEA Təcrübə Sənaye Zavodunun istehsal sahəsi ilə tanış olduqdan sonra ona hazır məhsul anbarında toplanılmış mallar barədə məlumat verilmişdir.
     Sonra akademik Akif Əlizadə İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA arasında yaradılmış “Millers Oils Azərbaycan” birgə müəssisəsinin yağ istehsal sahəsi, fəaliyyəti və problemləri barədə məlumatları dinləmişdir.
     Daha sonra akademik Akif Əlizadə AMEA YT Parkda fəaliyyət göstərən digər rezidentlərin işləri ilə də maraqlanmışdır.