Azərbaycanda yaradılan KOB evində AMEA Yüksək Texnologiyalar Parkının da daimi biznes ofisinin fəaliyyəti nəzərdə tutulub
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Kiçik və orta biznes (KOB) evlərinin yaradılması nəzərdə tutulmuşdur. KOB evlərinin fəaliyyətinin məqsədləri - sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətlərinin göstərilməsi, biznes ideyasına malik şəxslərin ideyalarının dəqiqləşdirilməsi və sahibkarlıq fəaliyyətinə başlamalarına şərait yaradılması, yeni biznes ideyaların və startapların dəstəklənməsi, kiçik və orta biznes subyektlərinin hüquqlarının, maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edilməsidir.
25 aprel 2019-cu il tarixində AMEA YT Parkın direktoru i.ü.f.d. Nazim Şükürov Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin aparat rəhbərinin müavini Elmar İsayev, “KOB evləri”nin Fəaliyyətinin Təşkili və Əlaqələndirilməsi Departamentinin müdiri Yalçın Ağamalı və həmin departamentin baş mütəxəssisi Emin Hacıyevlə görüşmüşdür.
Görüşdə Yüksək Texnologiyalar Parkı ilə Agentlik arasında əməkdaşlıq əlaqələrinin qurulması araşdırılmış, o cümlədən YT Parkın vergi və gömrük güzəştlərindən istifadə etmək, məhsullarını dövlət əsaslı sifarişlə satmaq və startaplara sair xidmət göstərəcək biznes ofisinin və müvafiq əməkdaşının KOB evlərində təmsil olunması müzakirə olunmuşdur.
Eyni zamanda qeyd olunan görüşün nəticələri YT Parkın kollektivinə də çatdırılmış, “KOB evləri”ndə fəaliyyət göstərəcək təmsilçi əməkdaşın bilik və bacarıqlarının artırılmasının vacibliyi vurğulanmışdır.