Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev AMEA-nın İllik Ümumi yığıncağında AMEA Yüksək Texnologiyalar Parkının sərgidəki stendi ilə tanış olub
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın Prezidenti akademik Akif Əlizadə, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatların direktorları Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi Yığıncağında təşkil edilmiş AMEA Yüksək Texnologiyalar Parkının məhsulları stendi ilə tanış oldular. Qısa zaman kəsiyində innovasiya yönümünə diversifikasiya etmiş azərbaycan elmi və Azərbaycan Milli Elmlər Akademiyasının yüksək texnologiyalı məhsulları stend ziyarətçilərində xüsusi marağa səbəb olmuşdur. Akademik Ramiz Mehdiyev tərəfindən bu işlərin tətbiqinin davam etdirilməsi, idxalı əvəz edən və ixraca yönəlik işlərin sürətləndirilməsi tapşırıldı. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən alimlər üçün yaradılmış AMEA YT Park platformasından alimlərimizin yararlanaraq həyata keçirdikləri innovativ layihələri akademik Ramiz Mehdiyev tərəfindən təqdirəlayiq hesab edildi.
Sonra yığıncaq işinə başladı. Akademik Akif Əlizadə AMEA-nın 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış etdi. O bildirdi ki, dövlət siyasətinin mühüm strateji hədəflərinə uyğun olaraq, 2018-ci ildə də respublikamızda elm və təhsilin inkişafı, innovativ yönümü istiqamətində mühüm tədbirlər həyata keçirilib və bir sıra uğurlar əldə edilib. Ötən il AMEA tərəfindən elmi-texniki potensialın inkişaf etdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi potensialın ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi və digər istiqamətlərdə mühüm işlər görülüb.
Akademik Akif Əlizadə innovativ fəaliyyət sahəsində görülən işlər haqqında da məlumat verdi. Hesabat ilində AMEA Yüksək Texnologiyalar Parkında (AMEA YTP) innovasiya məhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini bildirdi və bütün elmi bölmələrin innovasiya istiqamətində işlərinin təşkil olunmasını bir daha vurğuladı.