29 may 2019-cu il tarixində nüfuzlu distribyutor şirkətinin Bakı regional ofisinin rəhbəri Rafael Quliyev və satış müdiri Nahid Hümbətli AMEA Yüksək Texnologiyalar Parkına biznes-tur etmişdir. 
     Motor və sənaye yağlarının, akkumlyatorların, şin, filter və ehtiyat hissələrinin idxalı və satışı ilə məşğul olan şirkət öz biznes sahəsini genişləndirərək dünyanın aparıcı markalarının Azərbaycan üzrə distribyutorluq fəaliyyətini həyata keçirir.
     Şirkət nümayəndələrini qarşılayan YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Direktor YT Parkda istehsal olunan məhsulların daxili bazarla müqayisədə münasib qiymətlərlə satışa çıxarıldığını diqqətə çatdırıb.
     Qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə qurulan , beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə həyata keçirən Akademiya Laboratoriyası ilə tanış olduqdan sonra hazır neft məhsulları və onların istehsal prosesi ilə tanış olublar.