1 noyabr 2019-cu il tarixində Yüksək Texnologiyalar Parkında Fərdi sahibkar Quluzadə Fəxrəddin Firudin oğlunun istehsal etdiyi orqanik qurutma avadanlığının təqdimat mərasimi keçirilib
Tədbirdə elmi təşkilatların və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Yüksək Texnologiyalar Parkının akt zalında keçirilən tədbiri Texnoparkın direktoru Samir Məmmədov giriş nitqi açaraq rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Yüksək Texnologiyalar Parkının yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsidir.İnnovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.
Daha sonra Fərdi sahibkar Quluzadə Fəxrəddin Firudin oğlu çıxış edərək istehsal etdiyi avanlıq haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, Azərbaycan istehsalı olan bu qurutma avadanlığı qazla çalışaraq isti hava dövriyyəsi yaratmaqla meyvələrin qurudulmasına imkan yaradır. Yüksək Texnologiyalar Parkında istehsal olunan bu avadanlıq xaricdə istehsal edilən oxşar avadanlıqlardan 2-3 dəfə ucuz başa gəlir. Qurutma avadanlığından istifadə etməklə yay mövsümündə bol və ucuz olan məhsulu qurudub daha uzun müddət saxlamaq və istehlak etmək mümkündür.
Müəllif məruzəsindən sonra tədbir iştirakçılarını avadanlığın nümayişinə dəvət edib. Nümayişdən sonra qonaqlar Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar.
YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti ziyarətçilərin böyük marağına səbəb olub.
Tədbirin sonunda qonaqlar üçün furşet təşkil olunub.