Azərbaycan Texniki Universitetin tələbələrinin AMEA Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası təşkil olunub
Tələbələrin ixtisasları üzrə bilik və təcrübələrinin artırılması istiqamətində tədris ekskursiyalarının təşkil olunması məqsədəuyğun hesab edilir.
19 dekabr 2019-cu il tarixində Azərbaycan Texniki Universitetin tələbə heyətinin Yüksək Texnologiyalar Parkına tədris ekskursiyası təşkil olunub.
Tələbələr öncə Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş laboratoriyası ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, qaz, neft və neft-kimya məhsullarının keyfiyyət göstəricilərini müəyyən edən Yüksək Texnologiyalar Parkının laboratoriyasında aparıcı istehsalçıların müasir analitik cihaz və avadanlıqları quraşdırılıb, təlimlər keçirilib və müvafiq sertifikatlar alınıb.
Daha sonra tələbələr Yüksək Texnologiyalar Parkı tərəfindən istehsalı, marketinqi və logistikası həyata keçirilən dünya standartlarına cavab verən mühərrik və sürtkü yağları, habelə onların istehsal prosesi ilə tanış ediliblər. Onlara burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib.
Tələbələr həmçinin Yüksək Texnologiyalar Parkında müxtəlif növ elmi-tədqiqat təyinatlı pilotsuz uçuş aparatları ilə də tanış olublar. Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müsair tələblərə cavab verən iş şəraiti tələbələrin böyük marağına səbəb olub.
Tədris ekskursiyasından sonra Yüksək Texnologiyalar Parkının direktoru t.e.d., professor Elton Məmmədov akt zalında tələbələrlə görüşərək onlarla fikir mübadiləsi aparıb.