Image

Elm və Təhsil Nazirliyi(ETN)
Yüksək Texnologiyalar Parkı (YT Park)

NİZAMNAMƏ

1. Ümumi müddəalar
 
1.1. “ETN Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respub­likası Prezidentinin 8 noyabr 2016-cı il tarixli  2425 nömrəli Sərəncamına və digər normativ hüquqi aktlara əsasən yaradılır.
1.2. Cəmiyyətin mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Cəmiyyət müstəqil balansa, təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakına, möhürə, müvafiq ştamplara, blanklara və banklarda müvafiq hesablara malikdir.
1.3. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
1.4. Cəmiyyət Elm və Təhsil Nazirliyinin (bundan sonra – ETN) tabeliyində fəaliyyət göstərir.
1.5. Cəmiyyətin tam adı: “ETN Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti, qısaldılmış adı: “ETN Yüksək Texnologiyalar Parkı” MMC-dir.
1.6. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, küçə 622, 9.

2. Cəmiyyətin fəaliyyət istiqamətləri
 
2.1.  Cəmiyyətin fəaliyyətinin əsas məqsədi elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqinin (kommersiyalaşdırılmasının) həyata keçirilməsi istiqmətində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər (bundan sonra – rezident adlanacaq) üçün biznes və texnoloji inkubatorlar, fondlar, texnoloji transfer və elmi tədqiqat mərkəzləri vasitəsilə əlverişli şəraitin yaradılması və onların dəstəklənməsini təmin edən ETN Yüksək Texnologiyalar Parkının (bundan sonra – Park adlanacaq) fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsindən ibarətdir.
2.2.  Məqsədlərinə uyğun olaraq Cəmiyyətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. Parkın zəruri infrastrukturunun qurulması və inkişafı;
2.2.2. Parkın maddi-texniki bazasının idarə edilməsi;
2.2.3. Parkda elmi tədqiqatların təşkili və aparılması;
2.2.4. elmin kommersiyalaşdırılması, təcrübə-konstruktor işlərinin təşkili və yerinə yeti­ril­mə­si;
2.2.5. Parkın rezidentlərinin fəaliyyətinin təşkili və inkişafı;
2.2.6. Parkın rezidentlərinə lazımi xidmətlərin göstərilməsi;
2.2.7. Parkın fəaliyyətinə maliyyə resurslarının və investorların cəlb edilməsi;
2.2.8. innovativ layihələrin təşkili və idarə edilməsi;
2.2.9. innovativ sahələr üzrə sahibkarlıq fəaliyyəti və istehsalın təşkili;
2.2.10. Kadr hazırlığının təşkili və aparılması;
2.2.11. Parkın fəaliyyətinin təşviqi.
2.3. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Parkın fəaliyyətinin təşkili məqsədi ilə bu Nizamnamə və Parkın Əsasnaməsi ilə müəyyən edilmiş digər fəaliyyət növlərini həyata keçirir.
2.4. Cəmiyyət qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə   alınmasını  tələb edən fəaliyyət növləri ilə yalnız bu cür xüsusi razılığı (lisenziyanı) və ya xüsusi icazəni aldıqdan sonra məşğul ola bilər.


3. Cəmiyyətin nizamnamə kapitalının və təsisçinin nizamnamə kapitalında payının miqdarı
 
3.1. Cəmiyyətin nizamnamə kapitalı x.xxx.xxx  manat, hər birinin dəyəri  xxx.xxx  manat  olmaqla 2 (iki) paydan ibarətdir.
3.2. Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinə aid edilmiş məlumatlar:
 - Dövlətin adından payın mülkiyyətçisi hüquqlarını təmsil edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Komitə) – 100%, x.xxx.xxx manat, 2 pay, pul şəklində.
3.3. İştirakçının qoyduğu mayaların tərkibi, maya qoyması qaydası və maya qoyulması üzrə öhdəlikləri pozmağa görə məsuliyyət ümumi yığıncağın qərarı ilə müəy­yən­ləş­di­ri­lir.

4. 
Cəmiyyətin hüquq və vəzİfələri

4.1. Cəmiyyət Parkın idarəetmə qurumu kimi aşağıdakı müstəsna hüquqlara malikdir:
4.1.1. Parkın fəaliyyətinin inkişafı və tənzimlənməsinə dair təkliflər hazırlayır və ETN-yə təqdim edir;      
4.1.2. Parkın fəaliyyəti ilə əlaqədar təsisatlar, o cümlədən fondlar, biznes-inkubatorlar, elmi tədqiqat və texnoloji transfer mərkəzləri və digər ixtisaslaşmış xidmət mərkəzləri yaradır;
4.1.3. Parkın infrastruktur obyektlərinə investisiya qoyur, həmin investisiyalardan və Parkın idarə edilməsindən gəlir əldə edir;
4.1.4. Cəmiyyət tərəfindən göstərilən xidmətlərə görə ETN-nin təklifləri əsasında sərbəst tarif siyasəti yürüdür;
4.1.5. Cəmiyyət öz səlahiyyətləri çərçivəsində və qanunvericiliyə müvafiq qaydada xarici təşkilatlarla və xarici dövlətlərin texnoparkları ilə, habelə xarici kredit təşkilatları və donorları ilə danışıqlar aparır, əməkdaşlıq haqqında müqavilələr bağlayır, eləcə də onların assosiasiyalarına və digər birləşmələrinə qoşulur;
4.1.6. Parkın fəaliyyətinin təmin edilməsi və inkişaf etdirilməsi məqsədilə müqavilələr bağlayır;
4.1.7. rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik və proqnoz məlumatlar alır və onların fəaliyyətinin monitorinqini həyata keçirir.
4.2. Cəmiyyətin  vəzifələri  aşağıdakılardır:
4.2.1. səlahiyyətləri daxilində Parkın fəaliyyətini tənzimləyən normativ sənədlər hazırlamaq və təsdiq üçün ETN-yə təqdim etmək;
4.2.2. Parkın fəaliyyəti barədə illik hesabatlar hazırlamaq və ETN-yə təqdim etmək;
4.2.3. Parkın fəaliyyətini müvafiq infrastrukturla, o cümlədən nəqliyyat, kommunikasiya xətləri, kommunal və digər lazımi xidmətlərlə təmin etmək;
4.2.4. biznes-inkubatorlar, fondlar, texnoloji transfer və elmi tədqiqat mərkəzlərinin fəaliyyətini təşkil etmək;
4.2.5. rezidentlərin cəlb olunması istiqamətində tədbirlər görmək;
4.2.6. rezidentlərin qeydiyyatını və reyestrini aparmaq, onlara Parkın qeydiyyat şəhadətnaməsini vermək və müvafiq müqavilə bağlamaq;
4.2.7. Parkın mülkiyyətində olan əmlakı rezidentlərə icarəyə vermək;
4.2.8. rezidentlərə məsləhət-konsultant və digər xidmətlər göstərmək, müəllif hüquqları və əqli mülkiyyətin qorunması istiqamətində tədbirlər görmək;
4.2.9. Parkın ərazisində həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin ekspertizasını təşkil etmək.
4.2.10. Beynəlxalq standartlara uyğun olaraq Parkda korporativ idarəetmə sistemlərini təşkil etmək.
 
5 Cəmiyyətin idarəetmə orqanları

5.1. Ümumi yığıncaq

5.1.1. Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır (bundan sonra – “ümumi yığıncaq”). Ümumi yığıncağın ETN-yə aid səlahiyyətlərini AMEA Rəyasət Heyəti həyata keçirir.
5.1.2. ETN-nin həll etdiyi məsələlərə dair ümumi yığıncağın səlahiyyətlərinə aşağı­da­kılar aiddir: 
- Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
- Cəmiyyətin Müşahidə Şurasının seçilməsi;
- Cəmiyyətinin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
- Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiy­yətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və fili­al­la­rının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifə­dən azad edilməsi;
- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

5.1.3. Komitənin həll etdiyi məsələlərə dair ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aşağıda­kılar aiddir:
 
- Cəmiyyətin nizamnaməsini, strukturunu, nizamnamə kapitalının həcmini və ona edilən dəyişiklikləri təsdiqləmək;
- Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq vermək;
- Cəmiyyətə məxsus dövlət əmlakının (daşınmaz və daşınar) girov qoyulmasına razılıq vermək və bu barədə əqdlərin qeydiyyatını aparmaq;

5.1.4. Komitə bu nizamanmənin 5.1.3-cü yarımbəndi ilə müəyyənləşdirilmiş Cəmiyyət barəsində həll etdiyi məsələləri AMEA-nın təklifləri əsasında həyata keçirir.
5.1.5. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər.
5.1.6. Cəmiyyət bir iştirakçıdan ibarət olduqda Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.
5.1.7.  Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq Cəmiyyətin direktoru tərəfindən çağırılır. Ümumi yığıncağın çağırılması tarixinə azı 3 (üç) iş günü qalmış iştirakçıya yazılı bildiriş göndərilməlidir. Ümumi yığıncağın çağırılması haqqında bildirişdə Cəmiyyətin adı və olduğu yer, ümumi yığıncağın keçirilmə tarixi, vaxtı, ünvanı, gündəliyi və ümumi yığıncağın gündəliyi üzrə materiallarla tanış olunma qaydası göstərilməlidir.
5.1.8. Növbədənkənar ümumi yığıncaq direktorun, habelə müşahidə şurasının təşəbbüsü ilə və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə bu nizamnamənin 5.1.7-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada çağırılır.
5.1.9. Ləğvetmə prosesində olan Cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən bu nizamnamənin 5.1.7-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada çağırılır.
5.1.10. Ümumi yığıncaqda Nizamnamənin və nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşması, Cəmiyyətin yenidən təşkil və ya ləğv edil­mə­si barədə qərarlar bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir.
 
 
5.2. Müşahidə Şurası
 
5.2.1. Müşahidə Şurası (bundan sonra - Şura) öz səlahiyyətləri hüdudlarında Cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır.
5.2.2. Şura 5 üzvdən ibarətdir. Şuranın üzvləri 5 il müddətinə AMEA tərəfindən təyin edilir. Onlar təkrar müddətə təyin edilə bilərlər;
5.2.3. İcra orqanının rəhbəri Şuranın üzvü ola bilməz.
5.2.4. Şuranın sədri Şuranın üzvləri arasından Şura üzvləri tərəfindən seçilir. Şuranın sədri Şuraya rəhbərlik edir;
5.2.5. Şuranın  iclasları növbəti və ya növbədənkənar ola bilər;
5.2.6. Şuranın növbəti iclasları ən azı üç ayda bir dəfə Şuranın sədri tərəfindən çağırılır;
5.2.7. Şuranın növbədənkənar (fövqəladə) iclasları Cəmiyyətin maraqları tələb etdikdə Şura üzvlərinin  tələbi ilə, Şuranın sədri tərəfindən çağırılır;
5.2.8. Şuranın tərkibi üzvlərinin sayının yarısına qədər azaldıqda, 30 (otuz) təqvim günü ərzində Şuraya yeni üzvlər təyin edilir;
5.2.9. Şuranın iclaslarına çağırılma Şuranın sədrinin üzvlərə 3 (üç) təqvim günü qabaqcadan, iclasın yerinin, vaxtının, müzakirəyə çıxarılan məsələlərin göstərilməsi şərtilə, xəbərdarlıq göndərilməsi ilə həyata keçirilir. Şuranın iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır;
5.2.10. Şuranın iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici sayılır;
5.2.11.  Şuranın iclasının yekununda iclasın yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Protokol Şuranın sədri və katibi tərəfindən imzalanır.
5.2.12. Cəmiyyətdə audit işinin təşkili üçün Daxili auditor təyin edilir.
5.2.13. Daxili auditor AMEA-nın nəzarəti altında fəaliyyət göstərir və Cəmiyyətin rəhbərliyi ilə qarşılıqlı surətdə Cəmiyyətdə daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir.
5.2.14.  Daxili auditorun fəaliyyətinin standartları və qaydaları “Daxili audit haqqında” Azər­bay­can Respublikasının Qanununa, AMEA-nın normativ sənədlərinə, Mərkəzi Ban­kın müvafiq normativ xarakterli aktlarına və beynəlxalq daxili audit standartlarına əsaslanır;
5.2.15.  Cəmiyyət  AMEA ilə razılaşdırılmaqla illik maliyyə hesabatının düzgünlüyünü yoxlat­maq üçün hər il əmlak mənafeləri ilə Cəmiyyətə və ya onun təsisçilərinə bağlı olma­yan peşəkar auditor cəlb edə bilər.
 
5.3 Cəmiyyətin icra orqanı
 
5.3.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik təkbaşçı icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Cəmiyyətin strukturunda direktorun müavin(ləri) ştat vahid(ləri) müəyyən edilə bilər.
5.3.2. Direktor Cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə tam məsuliyyət daşıyır. O, müəssisə adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə olan münasibətdə, o cümlədən məhkə­mədə Cəmiyyəti təmsil edir, ümumi yığıncağın təsdiqinə dair sənədləri hazırlayır, Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər verir. Qanun­ve­ri­ci­liklə və Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncaq və müşahidə şurasının səlahiy­yətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir.
5.3.3. Direktor, onun müavinləri, Cəmiyyətin baş mühasibi və Cəmiyyətin daxili auditoru  AMEA tərəfindən təyin edilir və vəzifədən azad edilirlər. Cəmiyyətin bölmələrinin  rəhbərləri, eləcə də  digər işçilər müstəqil şəkildə Cəmiyyətin Direktoru tərəfindən bu vəzifələrə təyin və vəzifədən azad edilirlər.
 
6. Cəmiyyətin əmlakının yaranması

6.1. Cəmiyyətin əmlakı qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərə mənsub ola bil­məyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, o cümlədən dəyəri Cəmiyyətin müstəqil balansında əks olunan digər dəyərlərdən.
6.2.  Cəmiyyətin əmlakının yaranma mənbələri aşağıdakılardır:
- təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakı;
- sərbəst təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər;
- bank və digər kreditlər;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər  mənbələr.
6.3.  Cəmiyyətə verilmiş dövlət əmlakı yalnız Cəmiyyətin nizamnamə məqsədlərinə uyğun olaraq istifadə edilir.
6.4.  Cəmiyyətin əmlakı tamamilə dövlət mülkiyyətindədir. Komitənin razılığı olmadan Cə­miyyətin əmlakı (naturada və ya pul şəklində) üzə­rin­də daşınmaz  əmlakın dövlət reyestrində qeydiyyata alına bilən yüklülüklər müəyyən edilə bilməz.


7. Cəmiyyətin işinin planlaşdırılması, uçotu və hesabatı
 
7.1. Cəmiyyət yerinə yetirdiyi işlərə və göstərdiyi xidmətlərə olan tələbatı nəzərə alaraq müstəqil surətdə öz fəaliyyətini planlaşdırır və inkişaf perspektivlərini, eyni zamanda, sosial inkişafın təmin olunmasının zəruriliyini müəyyən edir.
7.2. Cəmiyyət öz fəaliyyətinin nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və formada mühasibat və əməliyyat uçotu, statistik hesabat aparır, balans tərtib edir.
7.3. Cəmiyyətin maliyyə ili Cəmiyyətin qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvardan başlayır və  31 dekabradək olan dövrü əhatə edir.


8. Sığortalanma
Cəmiyyətin əmlakının, istehsal, maliyyə və digər risklərinin sığortası onun öz mülahizəsi ilə, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə məcburi sığorta nəzərdə tutulmazsa həyata keçirilir.


9. Vergi qoyma
Cəmiyyət Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunmuş vergiləri  ödəyir.


10. Əmək münasibətləri
10.1. Cəmiyyətdə işəgötürmə və işdən azadetmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla əmək qanunvericiliyi ilə tənzimlənir.
10.2. Əmək haqqı, cəmiyyətin işçilərinin sosial təminat məsələləri, məzuniyyətlərin verilməsi onların hər biri ilə bağlanan əmək müqavilələri əsasında qanunvericiliyə uyğun qaydada həll edilir.


11. Sosial sığorta və təminat
Cəmiyyətin işçilərinin sosial sığortası və təminatı Azərbaycan Respublikasının Qanunvericilik normaları ilə tənzimlənir.


12. Cəmiyyətin yenidən təşkili və ləğvi
Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərə­fin­dən həyata keçirilir.
 

13. Digər şərtlər
13.1. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu nizamnamə ilə tənzimlənməyən  digər məsələlər Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun olaraq  tənzimlənir.
13.2. Nizamnamənin dəyişdirilməsi (nizamnamədə edilmiş dəyişikliklər (əlavələr) onun  dövlət qeydiyyatından keçdiyi andan qüvvəyə minir.
13.3. Gələcəkdə bu nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.