Image

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Yüksək Texnologiyalar Parkı (YT Park)

ƏSASNAMƏ

1. Ümumi müddəalar
1.1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı haqqında Əsasnamə (bundan sonra – Əsasnamə) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 08 noyabr tarixli 2425 nömrəli Sərəncamına,  Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 257 nömrəli qərarı ilə təsdiq edilmiş “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin   2015-ci il 15 may tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”yə və “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə əsasən hazırlanmışdır. Bu Əsasnamə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının idarə edilməsi və onun fəaliyyətin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.


1.2. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. AMEA Yüksək Texnologiyalar Parkı (bundan sonra – YT Park) – innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi;

1.2.2. YT Parka münasibətdə səlahiyyətli orqanı - Azərbaycan Milli Elmlər Akademiyası;

1.2.3. YT Parkın idarəedici təşkilatı (bundan sonra – idarəedici təşkilat) – YT Parkın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsi olan “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ;

1.2.4. YT Parkın operatoru – səlahiyyətli orqan tərəfindən müsabiqə əsasında seçilən və idarəedici təşkilatla bağlanan idarəetmə sazişi çərçivəsində ona həvalə edilmiş funksiyaların icrasını təmin edən hüquqi şəxs;

1.2.5. YT Parkın rezidenti – bu Əsasnamə ilə müəyyən edilmiş qaydada texnoparkın qeydiyyat şəhadətnaməsini alıb, texnoparkda fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;

1.2.6. eksteritorial rezident – idarəetmə ofislərinin, istehsal müəssisələrinin, struktur bölmələrinin, yüksək texnologiyalar və innovasiyalar sahəsi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün digər zəruri istehsalat sahələrinin birbaşa YT Parkın ərazisində yerləşmədən, teritorial baxımdan YT Parkın ərazisi daxilində fəaliyyət göstərmədən, bu Əsasnamə ilə müəyyən edilmiş qaydada texnoparkın qeydiyyat şəhadətnaməsini alan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər;

1.2.7. innovasiya və ya yüksək texnologiya layihəsi (bundan sonra – innovasiya layihəsi) – texniki xüsusiyyətlərinə dair tələblər, nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi  (kommersiyalaşdırılması) imkanları və üsulları, maliyyələşmə mənbələri, kadr potensialı və müddəti göstərilməklə, innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirən sənəd;

1.2.8. texnoloji biznes inkubatoru (bundan sonra – inkubator) – innovasiya və ya yüksək texnologiyalar üzrə yeni layihələrlə məşğul olan fiziki şəxslərin, hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin fəaliyyətinin ilkin dövründə inkubasiya xidmətləri göstərməklə dəstəklənməsini təmin edən texnoparkın struktur bölməsi;

1.2.9. inkubatorun rezidenti – inkubatorun qeydiyyat şəhadətnaməsini alıb, inkubatorda fəaliyyət göstərən fiziki şəxs, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;

1.2.10. inkubasiya xidmətləri – innovasiya və ya yüksək texnologiyalar üzrə yeni layihələrin həyata keçirilməsi məqsədi ilə inkubatorun öz rezidentlərinə göstərdiyi ofis və idarəetmə dəstəyi, kadr hazırlığına, maliyyə mənbələrinin əldə edilməsinə dəstək, texniki dəstək, hüquqi, marketinq, icarə, lizinq və digər xidmətlər;

1.2.11. texnologiya transferi – texnoparkda həyata keçirilən elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin nəticələrinin realizə edilməsi yolu ilə sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması);

1.2.12. texnologiya transferi mərkəzi – texnoparkın rezidenti ilə sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər arasında texnologiyanın transferi və bununla bağlı texnoparkın rezidentinin əqli mülkiyyət hüquqlarının qorunması sahəsində xidmətlər göstərən texnoparkın struktur bölməsi;

1.2.13. İnnovasiya fondları - innovasiya fəaliyyətinin subyektləri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılan və qanunvericiliklə qadağan olunmayan mənbələr hesabına maliyyə resurslarını cəlb edərək innovasiya infrastrukturunun yaradılmasına, innovasiya layihələrinin və proqramlarının maliyyələşdirilməsinə yönəldən qeyri-kommersiya statuslu hüquqi şəxslər;

1.2.14. mühəndis-kommunikasiya təminatı – texnoparkda infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları;

1.2.15. texnoparkın infrastrukturu – torpaq sahələri, binalar, qeyri-yaşayış sahələri, yol-nəqliyyat, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis-kommunikasiya təminatı və texnoparkın fəaliyyətini təmin edən digər obyektlər kompleksi.

 

YT Parkın fəaliyyətinin məqsədləri və istiqamətləri
 

2.1. YT Parkın fəaliyyətinin məqsədləri aşağıdakılardır:

2.1.1.  iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması;

2.1.2. müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi;

2.1.3. elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması, habelə innovasiya təmayüllü kiçik biznesin inkişafı və yeni innovativ müəssisələrin yaradılması;

2.1.4. innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;

2.1.5. ölkəmizdə innovasiya, elmi-tədqiqat, təcrübə-sınaq işi, ixtira və kəşflərin, texnologiyanın kommersiyalaşdırılmasının  təşviq edilməsi və istehsalata tətbiqi;

2.1.6. elmi və innovativ potensialdan istifadə edərək iqtisadiyyatın neft və qaz amilindən asılılığının azaldılması;

2.1.7. yüksək texnologiyaların transferi və iqtisadiyyatda elmtutumlu məhsulların xüsusi çəkisinin artırılması;

2.1.8. əmək qabiliyyətli əhalinin  məşğulluğunun artırılması;

2.1.9. ümumdövlət maraqlarından çıxış edərək, YT Parkın ərazisində müvafiq lisenziya (icazə) əsasında müdafiə təyinatlı qurğuların, xüsusi texniki vasitələrin, layihə, təcrübi-sınaq, təminat və istehsal fəaliyyətinin həyata keçirilməsi üçün YT Parkın rezidentlərinə dəstəyin verilməsi.

2.2. YT Parkın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühitin yaradılması;

2.2.2. qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;

2.2.3. elmtutumlu məhsulların, texnologiyaların işlənilməsi və tətbiqi üçün innovasiya zonalarının, inkubasiya xidmətlərinin, texnologiya transferi mərkəzlərinin yaradılması istiqamətində fəaliyyətin həyata keçrilməsi;

2.2.4. elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması);

2.2.5. ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsalat arasındakı əlaqələri gücləndirmək, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmləri yaratmaq;

2.2.6. İnnovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi;

2.2.7. qabaqcıl dünya təcrübəsindən istifadə etməklə, informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq, Azərbaycanda yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən innovasiya sistemini formalaşdırmaq istiqamətində fəaliyyətin həyata keçirilməsi.

YT Parkın fəaliyyətinin təşkili,
idarə olunması və inkişaf etdirilməsi

 

3.1. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və YT Parkın İnkişaf Konsepsiyasına uyğun olaraq idarəedici təşkilat tərəfindən həyata keçirilir.

3.2. YT Parkın daha səmərəli idarə olunmasını təmin etmək məqsədi ilə səlahiyyətli orqanın qərarı ilə müsabiqə əsasında operator cəlb edilə bilər. Operator YT Parkı onunla YT Parkın idarəedici təşkilatı arasında bağlanan idarəetmə sazişi əsasında idarə edir.

3.3. İdarəedici təşkilat və operator YT Parkın fəaliyyətinə görə cavabdehdirlər. Operatorun əsas fəaliyyəti YT Parkın idarə olunmasına dair idarəetmə sazişi çərçivəsində həvalə edilmiş funksiyaları icra etməkdən ibarətdir. İdarəedici təşkilat və operator YT Parkın (inkubatorun) rezidenti kimi fəaliyyət göstərə bilməzlər.

3.4. YT Parkın idarəedici təşkilatı ilə Operatoru arasında bağlanan idarəetmə sazişində, bu Əsasnamənin müddəaları nəzərə alınmaqla, aşağıdakılar müəyyən edilir:

3.4.1. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi sahəsində tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

3.4.2. YT Parkın fəaliyyətinin təşkili və idarə olunması ilə bağlı xərclərin və gəlirlərin bölüşdürülməsi qaydası;

3.4.3. idarəetmə sazişinin müddəti;

3.4.4. YT Parkın infrastrukturunun istismarı və saxlanılması şərtləri;

3.4.5. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası və qanunvericiliyə zidd olmayan digər müddəalar.

3.5. YT Parkın fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

3.5.1. YT Parkın fəaliyyəti üçün ayrılmış ərazi istifadəyə yararlı vəziyyətə gətirilir,

3.5.2. YT Parkın infrastrukturu yaradılır və innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi məqsədilə aşağıda qeyd olunan istiqamətlərdə təkmilləşdirilir:

3.5.2.1. YT Parkın ərazi, yol-nəqliyyat, idarəetmə, sosial infrastrukturu təkmilləşdirilir;

3.5.2.2. mühəndis-kommunikasiya təminatı −YT Parkda infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğularının fasiləsiz, keyfiyyətli, daima işlək vəziyyətdə olmasını təmin edir.

3.5.3. inkubator və texnologiya transferi mərkəzi yaradılır və effektiv idarə edilir;

3.5.4. fəaliyyət profilinə uyğun olaraq, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi üçün elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi təşkil edilir.

3.5.5. ölkəmizdə ekosistemi inkişaf etdirmək məqsədilə dünyanın müxtəlif ölkələri ilə elmi və texnoloji innovativ təcrübə mübadiləsi aparılır;

3.5.6. YT Parkın rezidentləri olan  müəssisələrin inkişafına  dəstək verilir;

3.5.7. texnoloji layihələrə investisiyaların cəlb olunması üçün:

3.5.7.1.  innovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsini, o cümlədən potensial donorların cəlb edilməsini öz imkanları çərçivəsində təşkil edir və bu sahədə rezidentlərə öz dəstəyini verir;

3.5.7.2. innovasiya layihələrinin maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması işlərini və müvafiq təşkilati işlərin görülməsini həyata keçirir;

3.5.7.3. Müvafiq büdcələrlə nəzərdə tutulmuş dövlət büdcəsinin və ya yerli büdcələrin vasitələri, dövlət büdcəsi və büdcədənkənar fondlar, müəssisə fəaliyyətində iştirak edən dövlət təşkilatları, xarici investorlar, beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri və s. formada Vençur maliyyələşmələrinin və kapitallarının cəlb edilməsi üçün şərait yaradır;

3.5.8. Yüksək texnologiyanı, onu hazırlayan şəxslərdən sənayenin müxtəlif sektorlarına ötürülməsinə, həmçinin iqtisadiyyatın dövlət və özəl sektorları arasında partnyorluğun inkişafına dəstəyini verir;

3.5.9. YT Park və onun rezidentləri ilə ali təhsil müəsisələri və elmi-tədqiqat institutları arasında davamlı əməkdaşlığı yaradır;

3.5.10. YT Parkın rezidentləri üçün əlverişli icarə qiymətləri tətbiq edilir;

3.5.11. Biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, yaradılmış model müəssisələrin fəaliyyətinə dəstəyi həyata keçirir;

3.5.12. İnkubator və texnologiya transferi mərkəzindən başqa, YT Parkda innovasiya fəaliyyətinin inkişafı və elmi fəaliyyətin genişləndirilməsi məqsədi ilə digər struktur bölmələri də yaradıla bilər.

3.6. YT Parkın fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

3.6.1. Beynəlxalq arenada  elmtutumlu yüksək texnoloji məhsulların rəqabət gücünün yüksəldilməsi üçün:

3.6.1.1. beynəlxalq bazarlara çıxış imkanlarının artırılması istiqamətində işlər görülür;

3.6.1.2. inkişaf etmiş ölkələrin biliklərə əsaslanan, innovativ  xarakterli  inkişaf təcrübəsi və problemlərinin öyrənilməsi həyata keçririlir, YT Parkın inkişaf strategiyasının reallaşdırılmasında  onlardan istifadə edilməsi üzrə zəruri işlər görülür;

3.6.2. beynəlxalq elmi-texniki əməkdaşlığın həyata keçirilməsi, o cümlədən xarici partnyorlarla, xarici texnoparklarla və onların assosiasiyaları ilə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi həyata keçirilir;

3.6.3. texnoloji inkubatorun fəaliyyətinin genişləndirilməsini və inkişaf etdirilməsini təmin edir;

3.6.4. YT Parkda  rezidentliyin inkişaf etdirilməsi məqsədilə gələcəkdə eksteritorial rezidentliyin tətbiqi üzrə zəruri işlər görülür;

3.6.5. İnnovasiya fondlarının yaradılması üçün zəruri tədbirləri görür;

3.6.6. YT Parkın rezidentlərinin əməkdaşları və ailələrinin sosial rifahı üçün YT Park daxilində, yaşayış, sosial, səhiyyə, təhsil, mədəni, ictimai iaşə, idman, əyləncə  və digər obyektlər kompleksinin yaradılması işini təşkil edir.

3.7. YT Parkın İdarəedici təşkilatının yaratdığı infrastruktur obyektləri dövlət mülkiyyəti hesab edilir.

3.8. Elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması məqsədi ilə YT Parkın rezidentinin vəsaiti hesabına qurulan istehsal sahəsi, avadanlıq və qurğular rezidentin mülkiyyəti hesab edilir.

 

Səlahiyyətli orqanın funksiyaları
 

4.0. Səlahiyyətli orqanın funksiyaları aşağıdakılardır:

4.0.1. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata kömək göstərir;

4.0.2. YT Parkın fəaliyyəti barədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

4.0.3. YT Parkın fəaliyyət profilinə uyğun olaraq, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görür;

4.0.4. müsabiqə yolu ilə operator seçir;

4.0.5. YT Parkın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

4.0.6. bu Əsasnamə ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

 

YT Parkın İdarəedici təşkilatı
5.1.     İdarəedici təşkilatın funksiyaları:

            5.1.0. İdarəedici təşkilatın funksiyaları aşağıdakılardır:

YT Parkın fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirlər görülməsi;
YT Parkın infrastrukturuna xidmət göstərilməsi, onun normal fəaliyyətinin təmin edilməsi, cari və əsaslı təmirinin həyata keçirilməsi;
YT Parkın fəaliyyətinin təşviq edilməsi, YT Parkda innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi işlərinin təşkil edilməsi;
YT Parkın (inkubatorun) fəaliyyətinin həyata keçirilməsinə dair YT Parkın (inkubatorun) rezidentləri ilə bağlanmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət edilməsi, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlərin görülməsi;
YT Parkın fəaliyyətini müvafiq infrastrukturla, o cümlədən nəqliyyat, kommunikasiya xətləri, kommunal və digər lazımi xidmətlərlə təmin etmək;
bu Əsasnamənin 3.5.12-ci bəndində nəzərdə tutulmuş struktur bölmələrinin yaradılması və onların fəaliyyətinin təmin edilməsi;
ofis, konsaltinq, treninq, peşə hazırlığı, maliyyə, marketinq, hüquq, logistika, rabitə, mühafizə, texniki dəstək, lizinq, təşviqat xidmətləri və YT Parkda səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsinin təşkil edilməsi;
YT Parkda fəaliyyətin həyata keçirilməsi, qanunvericilik aktlarına və YT Parkın əsasnaməsinə əməl edilməsi ilə bağlı YT Parkın (inkubatorun) rezidentlərinə kömək göstərilməsi;
fəaliyyət istiqamətləri üzrə YT Parkın (inkubatorun) rezidentləri, habelə onlarla dövlət və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, müvafiq sahə üzrə dövlət-özəl tərəfdaşlığın inkişaf etdirilməsi;
bu Əsasnamə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər funksiyaların həyata keçirilməsi.
 

5.2.     İdarəedici təşkilatın vəzifələri:

            5.2.0. İdarəedici təşkilat bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalarına, YT Parkın fəaliyyət istiqamətlərinə və öz Nizamnaməsinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

YT Parkın rezidentlərinin bu Əsasnamə ilə müəyyənləşdirilmiş qaydada, inkubatorun rezidentlərinin isə bu Əsasnamə ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada qeydiyyatını aparır, habelə onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada reyestrini aparır;
eksteritorial rezidentlik prinsipi üzrə YT Parkın rezidentlərinin bu Əsasnamə ilə müəyyənləşdirilmiş qaydada qeydiyyatını aparır, habelə onların müvafiq qaydada reyestrini aparır;
YT Parkın və inkubatorun rezidentlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formada qeydiyyat şəhadətnaməsi verir;
yüksək texnologiyalar və innovasiyalar sahəsində elmlə istehsalatın qarşılıqlı əlaqələrini təşkil edir;
YT Parkın elmi-texniki potensialını qoruyur və inkişaf etdirir, iqtisadiyyatın gücləndirilməsində, YT Parkın yüksək texnologiyalar və innovasiyalar sahəsindəki potensialından istifadə edir, iqtisadiyyatda innovativ texnikanın rolunun yüksəldilməsinə dəstək verir, habelə nəticə etibarilə bu sahədə dövlətin informasiya ehtiyyatlarını artırır;
yüksək texnologiyalar üzrə beynəlxalq əməkdaşlığın təşkilində və həyata keçirilməsində iştirak edir;
müasir dünya texnikasının və texnologiyalarının prioritet inkişaf istiqamətlərinə uyğun olaraq və dünya təcrübəsindən faydalanaraq YT Parkın fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsilə dövlətin innovasiya siyasətinin səmərəsini artırır;
ali təhsil müəssisələrinin nəzdindəki, habelə digər elmi-tədqiqat müəssisələrindəki yüksək texnologiyalar və innovasiyalar üzrə yeni elmi nailiyyətləri izləyərək təhlil edir və həmin nəticələrin YT Parkda tətbiq edilməsini təşviq edir;
ölkəmizin ali təhsil ocaqları və elmi-tədqiqat institutlarında innovativ elmi-tədqiqat işləri üzrə məlumat informasiya bankını yaradır və inkişaf etdirir, habelə elmi tətbiqi işləri YT Parka cəlb edir;
xarici ölkələrdə yüksək texnologiyalar və innovasiyalar sahəsində fəaliyyət göstərən aidiyyəti texnoparklarla YT Parkın fəaliyyətini əlaqələndirir və əməkdaşlığı inkişaf etdirir;
Müvafiq büdcələrlə nəzərdə tutulmuş dövlət büdcəsinin və ya yerli büdcələrin vəsaitləri, dövlət büdcəsi və büdcədənkənar fondlar, müəssisə fəaliyyətində iştirak edən dövlət təşkilatları, xarici investorlar, beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri və s. formada Vençur maliyyələşmələrinin və kapitallarının cəlb edilməsi üçün şərait yaradır;
biznes inkubatorlarının və startap layihələrini inkişaf etdirir, model müəssisələrin yaradılması prosesini təşkil edir;
YT Parkın fəaliyyəti və inkişafı barədə yarımillik hesabatı, habelə öz illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə səlahiyyətli orqana təqdim edir;
YT Parkda səlahiyyətli orqanın və digər dövlət orqanlarının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaradır;
YT Parkın fəaliyyət profili üzrə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə YT Parkın (inkubatorun) rezidentləri ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətini əlaqələndirir, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığı təşkil edir;
səlahiyyətləri daxilində YT Parkın fəaliyyətini tənzimləyən normativ sənədlər hazırlayır və təsdiq üçün səlahiyyətli orqana təqdim edir;
biznes-inkubatorlar, fondlar, texnoloji transfer və elmi tədqiqat mərkəzlərinin fəaliyyətini təşkil edir;
rezidentlərin cəlb olunması istiqamətində tədbirlər görür;
YT Parkın istifadəsində olan dövlət mülkiyyəti hesab edilən əmlakı rezidentlərə icarəyə verir;
rezidentlərə məsləhət-konsultant və digər xidmətlər göstərmək, müəllif hüquqları və əqli mülkiyyətin qorunması istiqamətində tədbirlər görür;
YT Parkın ərazisində həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin ekspertizasını təşkil edir;
beynəlxalq standartlara uyğun olaraq YT Parkda korporativ idarəetmə sistemlərini təşkil edir;
istilik və elektrik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərini göstərir;
bu Əsasnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirir.
 

5.3.     İdarəedici təşkilatın hüquqları:

            5.3.0. İdarəedici təşkilatın öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

            5.3.0.1. YT Parkın fəaliyyətinin inkişafı və tənzimlənməsinə dair təkliflər hazırlamaq və səlahiyyətli orqana təqdim etmək;   

5.3.0.2. YT Parkda innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq və onları cəlb etmək;

5.3.0.3. YT Parkın (inkubatorun) rezidentləri ilə bu texnoparkda (inkubatorda) fəaliyyətin həyata keçirilməsinə dair müqavilə bağlamaq;

5.3.0.4. səlahiyyətli orqanla razılaşdırmaqla YT Parkın inkişaf konsepsiyasını hazırlamaq;

5.3.0.5. YT Parkın (inkubatorun) rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik və proqnoz məlumatlar almaq və fəaliyyətləri barədə monitorinqi həyata keçirmək;

5.3.0.6. Bu Əsasnamə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə YT Parkın rezidentləri ilə bağlanılmış müqavilə əsasında YT Parkın rezidentləri tərəfindən həyata keçirilən innovativ layihələrdən əldə olunan ümumi gəlirdən aylıq olaraq müəyyən edilmiş məbləğin  ödənilməsini  tələb etmək;

5.3.0.7. YT Parkın idarə olunması üçün operator seçildiyi halda, onunla idarəetmə sazişi bağlamaq, idarəetmə sazişindən irəli gələn funksiyaları operatorun həyata keçirməsinə nəzarət etmək;

5.3.0.8. dövlət orqanlarının YT Parkın (inkubatorun) rezidentlərində apardığı yoxlamalarda iştirak etmək;

5.3.0.9. YT Parkın və inkubatorun rezidentlərinin fəaliyyətinin monitorinqini həyata keçirmək;

5.3.0.10. yüksək texnologiyalar və innovasiyalar sahəsində qanunvericiliyi təkmilləşdirmək məqsədi ilə təkliflər hazırlamaq, yüksək texnologiyalar sahəsində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin təkmilləşməsi üzrə tövsiyələr vermək;

            5.3.0.11. yüksək texnologiya və innovasiyalar sahəsində elmi tədqiqatların nəticələrinin YT Parkın rezidentlərinə münasibətdə sahibkarlığın ayrı-ayrı sahələrində tətbiqi prosesində iştirak etmək;

            5.3.0.12. yüksək texnologiyalar sahəsində inkişafın və YT Parkın fəaliyyətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;

            5.3.0.13. YT Parkın fəaliyyəti ilə əlaqədar təsisatlar, o cümlədən fondlar, habelə innovasiya fondları, biznes-inkubatorlar, elmi tədqiqat və texnoloji transfer mərkəzləri və digər ixtisaslaşmış xidmət mərkəzləri yaratmaq;

            5.3.0.14. YT Parkın infrastruktur obyektlərinə investisiya qoymaq, həmin investisiyalardan və YT Parkın idarə edilməsindən gəlir əldə etmək;

            5.3.0.15. idarəedici təşkilat tərəfindən göstərilən xidmətlərə görə səlahiyyətli orqanın təklifləri əsasında sərbəst tarif siyasəti yürütmək;

            5.3.0.16. öz səlahiyyətləri çərçivəsində və qanunvericiliyə müvafiq qaydada xarici təşkilatlarla və xarici dövlətlərin texnoparkları ilə, habelə xarici kredit təşkilatları və donorları ilə danışıqlar aparmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq, eləcə də onların assosiasiyalarına və digər birləşmələrinə qoşulmaq;

            5.3.0.17. YT Parkın fəaliyyətinin təmin edilməsi və inkişaf etdirilməsi məqsədilə müqavilələr bağlamaq;

5.3.0.18. YT Parkın (inkubatorun) rezidentlərinin bu texnoparkda (inkubatorda) fəaliyyəti ilə bağlı dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fizki şəxslərə YT Parkın (inkubatorun) rezidentləri barədə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

5.3.0.19. YT Parkın fəaliyyəti ilə bağlı qərarlar və sərəncamlar vermək, habelə digər sənədlər qəbul etmək, onların icrasına nəzarət etmək;

5.3.0.20. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

5.3.0.21. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;

5.3.0.22. yüksək texnologiyalar üzrə innovativ təşəbbüslərə (“start up”lara) dəstək vermək, müsabiqələr, təbliğat tədbirləri, seminar və təlimlər keçirmək;

5.3.0.23. idarəedici təşkilatın və YT Parkın digər struktur bölmələrinin işçilərinin əmək və sosial-məişət şəraitinin, maddi təminatının yaxşılaşdırılması və sağlamlığının qorunması barədə təkliflər vermək;

5.3.0.24. istifadəsində olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

5.3.0.25. bu Əsasnaməyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

5.4.     İdarəedici təşkilatın gəlirləri:

5.4.1. İdarəedici təşkilatın gəlirləri aşağıdakı mənbələrdən formalaşır:

5.4.1.1. YT Parkın sahələrinin icarəyə verilməsindən əldə olunan gəlirdən;

 5.4.1.2. YT Parkın idarə edilməsinə görə alınan haqlardan;

 5.4.1.3. dövlət büdcəsi və büdcədənkənar vəsaitlərdən;

 5.4.1.4. idarəedici təşkilatın innovativ sahələr üzrə sahibkarlıq fəaliyyətindən və digər fəaliyyət sahələrindən daxilolmalar, investorların (sərmayədarların) investisiya qoyuluşlarından (yatırımlarından);

 5.4.1.5. kredit, qrant və ianələrdən;

 5.4.1.6. idarəedici təşkilat tərəfindən YT Parkın infrastruktur obyektlərinə qoyulan investisiyalardan əldə edilən gəlirlərdən;

 5.4.1.7. YT Parkda səmərəli fəaliyyət üçün bu Əsasnamənin 5.1.0.7-ci yarımbəndinə uyğun olaraq təşkil edilən xidmətlərdən, bu Əsasnamənin 5.3.0.7-ci və 6.2.15.3-cü yarımbəndlərinə uyğun olaraq YT Parkın rezidentləri tərəfindən ödənilən məbləğlərdən və qadağan olunmayan digər mənbələrdən.

 5.4.2. YT Parkın sahələri YT Parkın (inkubatorun) rezidentlərinə idarəedici təşkilat tərəfindən icarəyə verilir.

 5.4.3. YT Parkın idarə edilməsinə görə haqqa bu Əsasnamənin 5.1.0.2-ci yarımbəndinə uyğun olaraq YT Parkın infrastrukturunun saxlanılması xərcləri daxildir və bu xərcləri YT Parkın rezidentləri ödəyirlər. YT Parkın idarə olunmasına görə haqqı idarəedici təşkilat gəlir və xərcləri nəzərə almaqla müəyyən edir.

 5.4.4. YT Parkda icarə əsasında istifadə olunan sahələrin qaz, istilik, rabitə, elektrik, su, kanalizasiya təminatı və məişət tullantılarının yığılması xidmətlərinin xərcləri bu Əsasnamənin 5.4.3-cü bəndində nəzərdə tutulan xərclərə daxil deyildir və YT Parkın rezidentləri tərəfindən ayrıca ödənilir.

 5.4.5. Bu Əsasnamənin 5.4.3-cü bəndində nəzərdə tutulan xərclərdə YT Parkın rezidentinin payı həyata keçirilən innovativ layihələrin gəlirliliyinə görə müəyyən edilir.

 5.4.6. YT Parkın  idarə olunması üçün operator seçildiyi halda, bu Əsasnamənin 5.4.1-ci bəndində nəzərdə tutulan gəlirlər idarəetmə sazişi ilə müəyyən edilmiş qaydada bölüşdürülür.

 

YT Parkın rezidentləri
 

6.1.     YT Parkın rezidentlərinin fəaliyyətinin əsasları:

6.1.1 YT Parkın rezidenti YT Parkda fəaliyyətini bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağladığı müqaviləyə əsasən həyata keçirir;

6.1.2. YT Parkda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək, YT Parkın qeydiyyat şəhadətnaməsini almalıdırlar.

6.2 .    Hüquqi şəxslərin və fərdi sahibkarların YT Parkın rezidentliyinə qəbul (habelə rezidentliyə qəbuldan imtina) və qeydiyyata alınması. YT Parkın rezidentliyi statusunun itirilməsi:

6.2.1. YT Parkın (inkubatorun) rezidentlərinin, habelə YT Parkın eksteritorial rezidentlərinin qeydiyyatı və reyestrinin aparılması, onlara müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi YT Parkın idarəedici təşkilatı tərəfindən həyata keçirilir.

6.2.2.  Hüquqi və fiziki şəxslər YT Parkın rezidenti kimi (həm teritorial, həm də eksteritorial rezidentlik prinsipi üzrə) qeydiyyatdan keçmək üçün elektron və ya yazılı ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Qeydiyyat prosedurunun ümumi müddəti ərizənin qeydiyyata alındığı tarixdən etibarən 20 (iyirmi) iş günüdür. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

6.2.2.1. hüquqi şəxs olan ərizəçinin tam adı və təşkilati-hüquqi forması;

6.2.2.2. fiziki şəxs olan ərizəçinin soyadı, adı və atasının adı;

6.2.2.3. ərizəçinin ünvanı və əlaqə vasitələri;

6.2.2.4. innovasiya və yüksək texnologiya layihəsinin adı və qısa məzmunu;

6.2.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

6.2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

6.2.3.1. innovasiya və yüksək texnologiya layihəsi üzrə YT Parkda fəaliyyət göstərəcək şəxslərin siyahısı;

6.2.3.2. ərizəçinin sahibkarlıq fəaliyyəti barədə məlumat (əgər varsa);

6.2.3.3. innovasiya və yüksək texnologiya layihəsinin biznes-planı;

6.2.3.4. YT Parkın rezidentliyi məqsədi ilə təqdim olunan innovasiya və yüksək texnologiya layihəsinin ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat;

6.2.3.5. innovasiya və yüksək texnologiya layihəsinin kommersiyalaşma səviyyəsinə dair məlumat.

6.2.4. İdarəedici təşkilat ərizəni qeydiyyata alır və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd (arayış) verir. İdarəedici təşkilat ərizənin qeydiyyata alındığı tarixdən üç iş günü müddətində ərizəçinin ərizəsinin və ona əlavə edilmiş sənədlərin bu Əsasnamənin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə müvafiq formada tərtib edilmədikdə və (və ya) ona əlavə edilməli bütün sənədlər təqdim edilmədikdə, ərizənin qeydiyyata alındığı tarixdən üç iş günündən gec olmayaraq idarəedici təşkilat, həmin çatışmazlıqları göstərməklə, ərizəçiyə bu barədə yazılı məlumat verir. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyat prosedurunun ümumi müddətinə daxil edilmir.

6.2.5. Ərizəçi yazılı məlumatı aldığı vaxtdan ən geci on beş iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Ərizəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra qeydiyyat prosedurunun ümumi müddətinin axımı bərpa edilir.

 6.2.6. İdarəedici təşkilat ərizəçinin təqdim etdiyi innovasiya layihəsini qiymətləndirilmək üçün YT Parkın ekspertlər şurasına göndərir.

 6.2.7. YT Parkın ekspertlər şurasını səlahiyyətli orqan yaradır. Ekspertlər şurası Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərir.

 6.2.8. Ərizəçinin təqdim etdiyi innovasiya layihəsi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

 6.2.8.1. layihənin YT Parkın fəaliyyət profilinə uyğunluğu;

 6.2.8.2. layihənin elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi sahəsində prioritetlərə uyğunluğu;

 6.2.8.3. layihənin innovasiya və ya yüksək texnologiya yönlü olması.

 6.2.9. Ərizəçinin təqdim etdiyi innovasiya layihəsinin bu Əsasnamənin 6.2.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğunluğu ekspertlər şurası haqqında əsasnamədə müəyyən edilən qaydada YT Parkın ekspertlər şurası tərəfindən qiymətləndirilir.

 6.2.10. YT Parkın ekspertlər şurası ərizəçinin təqdim etdiyi innovasiya layihəsinin bu Əsasnamənin 6.2.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olub-olmamasına dair rəyini qeydiyyat prosedurunun ümumi müddətinin on beşinci iş günündən gec olmayaraq idarəedici təşkilata təqdim edir.

 6.2.11. YT Parkın ekspertlər şurasının innovasiya layihəsinin bu Əsasnamənin 6.2.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olmamasına dair rəyi olduqda, habelə ərizədə və ona əlavə edilən sənədlərdə aşkar edilmiş çatışmazlıqlar bu Əsasnamənin 6.2.5-ci bəndində müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, idarəedici təşkilat qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin YT Parkın rezidenti kimi qeydiyyata alınmasından imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə yazılı məlumat verir.

 6.2.12. İdarəedici təşkilat YT Parkın ekspertlər şurasının innovasiya layihəsinin bu Əsasnamənin 6.2.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olmasına dair rəyi əsasında qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin YT Parkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, YT Parkın qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim edir. Hüquqi və fiziki şəxslər YT Parkın qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən YT Parkın rezidenti hesab edilirlər.

6.2.13. YT Parkın rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra otuz gün müddətində idarəedici təşkilatla (operatorla) YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və idarəedici təşkilatla fəaliyyət göstərəcəyi sahənin icarə müqaviləsini (eksteritorial rezidentlər istisna olmaqla) bağlayır.

 6.2.14. İdarəedici təşkilatla (operatorla) YT Parkın rezidenti arasında YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanan müqavilədə aşağıdakılar öz əksini tapmalıdır:

 6.2.14.1. YT Parkda həyata keçiriləcək elmi tədqiqatlar və təcrübə-konstruktor işləri, hazırlanacaq innovasiya məhsulu və ya yüksək texnologiyalar, görüləcək iş və xidmətlər;

 6.2.14.2. innovasiya layihəsi üzrə işlərə başlanma tarixi;

 6.2.14.3. YT Parkın idarə edilməsinə, həmçinin YT Parkda səmərəli fəaliyyət üçün təşkil olunan xidmətlərə görə haqqın məbləği və ödənilməsi qaydası;

 6.2.14.4. müqavilənin müddəti;

 6.2.14.5. tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

 6.2.14.6. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası.

 6.2.15. YT Parkın rezidentinin vəzifələri aşağıdakılardır:

 6.2.15.1. öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağlanmış müqaviləyə uyğun təşkil etmək;

 6.2.15.2. icarə haqlarını və YT Parkın saxlanılması ilə bağlı xərcləri ödəmək;

6.2.15.3. bu Əsasnamə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən YT Parkın idarəedici təşkilatı ilə bağlanılmış müqavilə əsasında həyata keçirilən innovativ layihələrdən əldə olunan ümumi gəlirdən aylıq olaraq müəyyən edilmiş məbləği YT Parkın idarəedici təşkilatına ödəmək;

 6.2.15.4. öz fəaliyyəti barədə hesabat-statistik məlumatları tərtib etmək və idarəedici təşkilata təqdim etmək və idarəedici təşkilat tərəfindən aparılacaq monitorinqə şərait yaratmaq;

 6.2.15.5.  YT Parkın rezidenti qismində fəaliyyətlə bağlı zəruri məlumatları idarəedici təşkilatın sorğusu əsasında idarəedici təşkilata təqdim etmək.

 6.2.16. YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə tərəflərin razılaşması ilə müəyyən edilən müddətə bağlanır. Müqavilənin müddətinin bitməsinə otuz gün qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi ilə bağlı digər tərəfə bildiriş təqdim etməmişdirsə, müqavilə əvvəlki müddətə uzadılmış hesab edilir.

 6.2.17. YT Parkın rezidenti müqavilədə göstərilən müddətdə innovasiya layihəsi üzrə işlərə başlamadıqda, idarəedici təşkilat (operator) YT Parkın rezidentinə bildiriş təqdim edir. Bildirişdə YT Parkın rezidentinə innovasiya layihəsi üzrə işlərə başlanılması üçün əlavə olaraq bir ildən çox olmayan müddət təyin edilə bilər.

 6.2.18. YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə aşağıdakı hallarda xitam verilir:

 6.2.18.1. müqavilənin müddəti başa çatdıqda;

 6.2.18.2. üç ay əvvəldən idarəedici təşkilatı (operatoru) xəbərdar etməklə, YT Parkın rezidentinin tələbi ilə;

 6.2.18.3. YT Parkın rezidenti innovasiya layihəsi üzrə işlərə bu Əsasnamənin 6.2.17-ci bəndinə uyğun olaraq verilən bildirişlə müəyyən olunmuş müddətdə başlamadıqda, idarəedici təşkilatın (operatorun) təşəbbüsü ilə;

 6.2.18.4. YT Park ləğv edildikdə;

 6.2.18.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan digər hallarda.

 6.2.19. Bu Əsasnamənin 6.2.18-ci bəndində göstərilən əsaslarla YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi YT Parkın rezidentinin fəaliyyət göstərdiyi sahənin icarə müqaviləsinin, YT Parkın rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvinə səbəb olur.

 6.2.20. Bu Əsasnamənin 6.2.18-ci bəndində göstərilən əsaslar üzrə YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə, YT Parkın rezidenti aşağıdakılardan birini seçməklə, mülkiyyətində olan istehsal sahəsinin, avadanlıq və qurğuların müqəddəratını müəyyən edir:

 6.2.20.1. YT Parkın rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların özgəninkiləşdirilməsi;

 6.2.20.2. YT Parkın rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların sökülərək aparılması və ya məhv edilməsi (utilizasiyası);

 6.2.20.3. razılaşma yolu ilə istehsal sahəsinin, avadanlıq və qurğuların idarəedici təşkilat (operator) tərəfindən əldə edilməsi, yaxud sökülməsi, daşınması və ya məhv edilməsi (utilizasiyası) və həmin işlərlə bağlı xərclərin YT Parkın rezidenti tərəfindən ödənilməsi.

 6.2.21. İdarəedici təşkilat (operator) bu Əsasnamənin 6.2.20-ci bəndində göstərilən məsələlərin həllində YT Parkın rezidentinə kömək göstərməlidir.

 6.2.22. Ərizəçi YT Parkın rezidenti kimi qeydiyyata alınmasından imtina qərarından, YT Parkın rezidenti isə qeydiyyatına və YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdirlər.

6.2.23. YT Parkın rezidentlərinin öhdəliklərinə görə YT Parkın səlahiyyətli orqanı və idarəedici təşkilat məsuliyyət daşımırlar.

 

6.3.     YT Parkın rezidentlərinə dövlət dəstəyi və YT Parkda stimullaşdırıcı tədbirlər:

6.3.1. YT Parkın rezidentlərinə və YT Parka dövlət dəstəyi məqsədi ilə aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:

6.3.1.1. vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər;

6.3.1.2. YT Parkın infrastrukturla təmin edilməsi;

6.3.1.3. torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;

6.3.1.4. güzəştli kreditlərin verilməsi;

6.3.1.5. inzibati prosedurların sadələşdirilməsi;

6.3.1.6. sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;

6.3.1.7. istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi.

6.3.2. YT Parkda eksteritorial prinsip üzrə YT Parkın rezident kimi qeydiyyata alınacaq hüquqi və fiziki şəxslər onların fəaliyyət yerinin yerləşməsindən asılı olmayaraq bütün müvafiq güzəştlərdən istifadə edə bilərlər.

YT Parkın texnoloji biznes inkubatorun rezidentləri
7.1.     İnkubatorun rezidentlərinin fəaliyyətinin əsasları:

7.1.1 İnkubatorun rezidenti inkubatorda fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağladığı müqaviləyə əsasən həyata keçirir.

7.1.2. İnkubatorda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər inkubatorun rezidenti kimi qeydiyyatdan keçməli və inkubatorun qeydiyyat şəhadətnaməsini almalıdırlar.

7.1.3. Hüquqi və fiziki şəxslər inkubatorun qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən inkubatorun rezidenti hesab edilirlər.

7.2.     Hüquqi şəxslərin və fərdi sahibkarların inkubatorun rezidentliyinə qəbul (habelə rezidentliyə qəbuldan imtina) və qeydiyyata alınması. İnkubatorun rezidentliyi statusunun itirilməsi:

7.2.1. Hüquqi və fiziki şəxslər inkubatorun rezidenti kimi qeydiyyatdan keçmək üçün elektron və ya yazılı ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

7.2.1.1. hüquqi şəxs olan ərizəçinin tam adı və təşkilati-hüquqi forması;

7.2.1.2. fiziki şəxs olan ərizəçinin soyadı, adı və atasının adı;

7.2.1.3. ərizəçinin ünvanı və əlaqə vasitələri;

7.2.1.4. innovasiya layihəsinin adı və qısa məzmunu;

7.2.1.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

7.2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

7.2.2.1. innovasiya layihəsi üzrə inkubatorda fəaliyyət göstərəcək şəxslərin siyahısı;

7.2.2.2. ərizəçinin sahibkarlıq fəaliyyəti barədə məlumat (əgər varsa);

7.2.2.3. innovasiya layihəsinin biznes-planı;

7.2.2.4. innovasiya layihəsinin ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat. İnkubatorda fəaliyyət göstərmək üçün təqdim edilən innovasiya layihələri YT Parkın rezidentliyi məqsədi ilə təqdim olunan innovasiya və yüksək texnologiya layihəsindən zəif kommersiyalaşma səviyyəsinə görə fərqlənir.

7.2.3. İdarəedici təşkilat ərizəçinin müraciətini qəbul edir və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd verir.

7.2.4. Qeydiyyat prosedurunun ümumi müddəti ərizənin qeydiyyata alındığı tarixdən etibarən 20 (iyirmi) iş günüdür.

7.2.5. İdarəedici təşkilat daxil olmuş ərizəni 20 (iyirmi) iş günü müddətində araşdırır, aşağıdakı qərarlardan birini qəbul edir və bu barədə ərizəçiyə məlumat verir:

7.2.5.1. innovasiya layihəsinin inkubatorun məqsədlərinə, müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun gəlməsi və ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınması;

7.2.5.2. innovasiya layihəsinin inkubatorun məqsədlərinə, fəaliyyət istiqamətinə və ya müvafiq meyarlara uyğun gəlməməsi səbəbindən ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınmaması.

7.2.6. Təqdim edilmiş müraciətdə inkubatorun rezidenti kimi qeydiyyata alınma üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, idarəedici təşkilat tərəfindən həmin sənədlər çatışmazlıqlar göstərilməklə, bu çatışmazlıqların aradan qaldırılması üçün müraciət etmiş şəxsə geri qaytarılır. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər idarəedici təşkilata 5 (beş) iş günü müddətində yenidən təqdim olunur.

7.2.7. İnkubatora təqdim edilən layihələrin qiymətləndirilməsi idarəedici təşkilat tərəfindən layihənin perspektivi baxımından aparılır və müstəqil şəkildə qərar qəbul edilir. İdarəedici təşkilat tərəfindən layihələrin qiymətləndirilməsi xüsusi yaradılmış daxili komissiyanın rəyinə əsasən həyata keçirilir və bu  zaman müraciət etmiş ərizəçilərlə görüşlər təşkil edilir, layihənin məzmunu barədə ərizəçilərin təşkil etdiyi təqdimatlar dinlənilir. Daxili komissiya ərizəçinin təqdim etdiyi innovasiya layihəsini inkubatorun prioritet istiqamətlərinə uyğunluğu və idarəedici təşkilatın müəyyən etdiyi meyarlar əsasında qiymətləndirir.

7.2.8. İdarəedici təşkilatın yaratdığı daxili komissiya ərizəçinin təqdim etdiyi innovasiya layihəsinə dair rəyini özünün innovasiya layihələri təqdim olunduqda, habelə komissiyanın vəzifələrin icrası ilə bağlı zərurət yarandığı hallarda çağırılan iclasında bildirir və qeydiyyat prosedurunun ümumi müddətinin son 5 (beş) iş günündən gec olmayaraq idarəedici təşkilata təqdim edir. İdarəedici təşkilatın müvafiq komissiyasına səlahiyyətli orqanın, onun qurumlarının və kənar təşkilatların mütəxəssisləri daxil edilə bilərlər.

7.2.9. İdarəedici təşkilatın müvafiq komissiyasının innovasiya layihəsinə dair mənfi rəyi olduqda, habelə ərizədə və ona əlavə edilən sənədlərdə aşkar edilmiş çatışmazlıqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, idarəedici təşkilat qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınmasından imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə yazılı məlumat verir.

7.2.10. İdarəedici təşkilat müvafiq daxili komissiyanın innovasiya layihəsinə dair rəyi əsasında qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, innovasiya layihəsinin inkubatorda fəaliyyət göstərəcək müddətini müəyyən edir və inkubatorun qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim edir. Hüquqi və fiziki şəxslər inkubatorun qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən inkubatorun rezidenti hesab edilirlər.

7.2.11. İnkubatorun rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra 30 (otuz) gün müddətində idarəedici təşkilatla (operatorla) inkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və idarəedici təşkilatla fəaliyyət göstərəcəyi sahənin (torpaq sahəsi istisna olmaqla) icarə müqaviləsini bağlayır. Müqavilə üç ildən çox olmayan müddətə bağlanır.

7.2.12. İnkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə aşağıdakılar əks olunur:

7.2.12..1. tərəflərin hüquq və öhdəlikləri;

7.2.12.2. inkubatorda təqdim olunan xidmət haqqının məbləği və ödənilməsi qaydası;

7.2.12.3. müqavilənin müddəti və xitam verilməsi qaydaları;

7.2.12.4. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası;

7.2.12.5. qanunvericiliyə zidd olmayan digər müddəalar.

7.2.13. İnkubatorun rezidentinə müvafiq yer ayrıldıqdan sonra imzalanmış müqaviləyə uyğun olaraq inkubatorun rezidentinə xidmətlər təqdim edilir və o, icarə müqaviləsində göstərilən avadanlıq və əşyalar ilə təchiz olunur.

7.2.14. İnkubatorda fəaliyyət göstərən rezidentlərin layihələri barədə sənədlər və məlumatlar konfidensial sayılır. Həmin məlumatların və ya sənədlərin açıqlanması yalnız mövcud qanunvericiliyin tələbləri və ya bağlanılmış müqavilənin şərtləri ilə müəyyən olunmuş hallarda mümkündür.

7.2.15. İnkubatorun rezidentinin əsaslandırılmış müraciəti və daxili komissiyanın müsbət rəyi olduqda, layihənin və müqavilənin müddəti uzadılır. Müqavilənin müddətinin uzadılması əlavə razılaşma ilə təsdiqlənir. İnkubatorda rezidentin bir layihə üzrə fəaliyyəti 3 (üç) ildən artıq ola bilməz.

7.2.16. İnkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilənin müddəti başa çatdıqdan və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdən sonra inkubatorun rezidenti müvafiq qaydada YT Parkın rezidenti kimi qeydiyyatdan keçə bilər.

7.2.17. İnkubatorun rezidentləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, habelə YT Parkın fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktların və bağlanılmış müqavilələrin tələblərinə riayət etmədikdə, onların qeydiyyatı idarəedici təşkilat tərəfindən birtərəfli qaydada ləğv edilir. Həmçinin, inkubatorun rezidenti olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs isə sahibkarlıq fəaliyyətini dayandırdıqda, onların qeydiyyatı idarəedici təşkilat tərəfindən ləğv edilir.

7.2.18. İnkubatorun rezidenti eyni vaxtda YT Parkın rezidenti ola bilməz.

7.2.19. Ərizəçi inkubatorun rezidenti kimi qeydiyyata alınmasından imtina qərarından, inkubatorun rezidenti isə qeydiyyatına və inkubtorda fəaliyyətin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdirlər.

7.2.20. İnkubatorun rezidentlərinin öhdəliklərinə görə YT Parkın səlahiyyətli orqanı və idarəedici təşkilat məsuliyyət daşımırlar.

 

YT Parkın Ekspertlər Şurası
 

8.1.     Ekspertlər Şurasının tərkibi, fəaliyyətinin əsasları və əsas funksiyaları:

8.1.1. Ekspertlər Şurası YT Parkın səlahiyyətli orqanı tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir.

8.1.2. Ekspertlər Şurası dövlət orqanlarının, elm, təhsil, investisiya, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil yerli və xarici ekspertlərin iştirakı ilə təşkil edilir.

8.1.3. Ekspertlər Şurasının tərkibi səlahiyyətli orqan tərəfindən təsdiq edilir.

8.1.4.  Ekspertlər Şurası öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 15 may tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”yə, həmçinin bu Əsasnaməyə uyğun həyata keçirir.

8.1.5. Ekspertlər Şurası YT Parkda rezident kimi qeydiyyata alınması ilə əlaqədar müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi və müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və onların tətbiqinə dair təkliflərin hazırlanması məqsədi ilə yaradılır.

8.1.6. Ekspertlər  Şurasının əsas vəzifələri aşağıdakılardır:

8.1.6.1. ərizəçilərin innovasiya layihələrinə dair rəy vermək;

8.1.6.2. YT Parkda hazırlanmış yüksək texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy vermək;

8.1.6.3. səlahiyyətli orqan və idarəedici təşkilat tərəfindən müəyyən edilən digər vəzifələri icra etmək.

8.1.7. Ekspertlər Şurası  öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı əsas hüquqlara malikdir:

8.1.7.1. YT Parkın ixtisaslaşmış fəaliyyət sahəsinin inkişafı və təkmilləşdirilməsi üzrə səlahiyyətli orqana və idarəedici təşkilata təkliflər vermək;

8.1.7.2. səlahiyyəti daxilində dövlət qurumlarından, elm və təhsil müəssisələrindən müəyyən olunmuş qaydada zəruri məlumatlar almaq;

8.1.7.3. innovasiya və yüksək texologiya layihələrinin ətraflı ekspertizasına ehtiyac olduğu təqdirdə, ixtisaslaşmış mütəxəssisləri (ekspertləri) cəlb etmək.


YT Parkın torpaq sahələrindən istifadə
9.1. YT Parkın ərazisində dövlət mülkiyyətində olan torpaq sahələri üzərində idarəetməni YT Parkın fəaliyyəti müddətində idarəedici təşkilat bu Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirir.

9.2. YT Parkın ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrindən YT Parkın və YT Parkın rezidentlərinin fəaliyyəti, inkişafı, fəaliyyətinin genişləndirilməsi,  elmi tədqiqat xarakterli və yüksək texnologiyalar və innovasiyalar üzrə istehsalat yönlü müəssisələrin tikilməsi, əməkdaşların sosial şəraitinin yaxşılaşdırılması və s. müvafiq məqsədlər üçün istifadə olunur.

9.3. YT Parkın torpaq sahələrindən istifadə olunması YT Parkın rezidenti ilə idarəedici təşkilat arasında bağlanan icarə müqaviləsi əsasında həyata keçirilir.

9.4. YT Parkın ərazisində torpaq sahələri YT Parkın rezidentlərinə YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

9.5. YT Parkın rezidentinə icarəyə verilmiş torpaq sahəsinin digər şəxslərə subicarəyə  verilməsinə və ya YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanmış müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.

9.6. YT Parkda fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi YT Parkın rezidenti ilə bağlanmış torpaq icarəsi müqaviləsinin ləğvi üçün əsasdır.



YT Parkın fəalyyəti ilə bağlı maliyyələşmə
 

10.1. YT Parkın fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.



YT Parkın ləğvi
 

11.1. YT Parkın ləğvi haqqında qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir.

11.2. YT Parkın ləğvi onun idarəedici təşkilatının ləğvinə səbəb olmur.