Kriptovalyuta mayninqi edən elektromobilin konsepsiyası təqdim olunub
Kanadanın elektrikli avtomobil və skuter istehsalçısı “Daymak” şirkəti kriptovalyuta mayninqi edən elektromobilin konsepsiyasını təqdim edib. 2023-cü ildə istifadəyə veriləcək “Avvenire Spiritus” adlanan yeni model enerji yığdıqda Bitkoin, Dogecoin kimi müxtəlif kriptovalyutalar istehsal etmək funksiyası ilə təchiz olunacaq.
ixbt.com saytı xəbər verir ki, artıq yeni modelin qabaqcadan sifarişlərinin həcmi son 2 ayda 350 milyon dolları ötüb. Şirkət ödənişləri həm də kriptovalyutada qəbul edir və nəqliyyat vasitəsi sahiblərinin istehsal etdikləri Bitkoini toplamaq, saxlamaq və satmaq üçün elektromobili “Nebula Wallet” adlı elektron pulqabı sisteminə inteqrasiya edəcək.
“Əksər avtomobillər qarajınızda oturaraq köhnələndə “Nebula Miner” funksiyası sizə elektromobil dayandıqda belə, pul qazandıracaq.” – deyə “Daymak”ın prezidenti Aldo Baioççinin açıqlamasında bildirilib. O, əlavə edib ki, “Daymak” yarandığı gündən bazarı alt-üst edən texnologiyalarla işləyir, hazırkı kripto-həmlə şirkətin 2023-cü ildə blokçeyn inqilabının tam mərkəzində olacağını göstərir.
Bununla yanaşı, yeni texnologiya ilə bağlı mütəxəssislər arasında fikir ayrılıqları mövcuddur. Onların bir qismi bu ideyaya şübhə ilə yanaşır, digərləri isə elektromobilin daim internetə qoşulmuş halda olacağını və maşının elektrikini tez bir zamanda azaldacağını bildirir.