Çin şirkətləri vahid sürətli enerjidoldurma standartı yaradırlar
Çinin bir neçə məşhur şirkəti yeni vahid sürətli enerjidoldurma standartı yaratmaq üçün səylərini birləşdiriblər.
ixbt.com saytı xəbər verir ki, bu məqsədlə “Mobil qurğular üçün universal sürətli enerjidoldurma spesifikasiyası”nın təsvir olunduğu sənəd imzalanıb. Məlumatda qeyd olunur ki, “Honor”, “Huawei”, “Oppo”, “Vivo” və “Xiaomi” kimi smartfon istehsalçıları, eləcə də digər texnologiya şirkətləri və maraqlı tərəflər, o cümlədən “Rockchip” və Çin İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyası unifikasiya edilmiş sürətli enerjidoldurma standartı üzərində iş üçün birləşiblər.
Texnologiyanın hazırlanması zamanı işləmənin yüksək maya dəyəri də daxil olmaqla ayrı-ayrılıqda bir sıra problemlərin yaranacağı gözlənilir. Buna səbəb kimi şirkətlərin fərdi müştərilər üçün komponentlər istehsal etməsi göstərilir. Bundan başqa, qurğular arasında uyğunluğun olmaması elektron tullantıların azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə uzunmüddətli planları ləğv edə bilər.
Vahid sürətli enerjidoldurma standartının hansı tarixdə təqdim ediləcəyi barədə məlumat verilmir.