ABŞ-da vertolyot tipli kəşfiyyatçı dron hazırlanıb
ABŞ-ın “Anduril” şirkəti avtonom rejimdə havadan kəşfiyyatın aparılması üçün nəzərdə tutulan “Ghost 4” pilotsuz uçuş aparatını hazırlayıb. Belə dronlar həm tək-tək, həm də qrup şəklində istifadə oluna bilər.
Newsru.com resursunun məlumatına görə, füzelyajı xarici görünüşünə görə tüfəngə bənzəyən yeni aparat vertolyot sxemi üzrə hazırlanıb. “Ghost 4” dronunun uzunluğu 2,7 metr, eni və hündürlüyü 4 metr təşkil edir. Bükülən konstruksiyası aparatı xüsusi çamadanda daşımağa imkan verir.
Şirkət nümayəndələrinin sözlərinə görə, 100 dəqiqə ərzində havada qalan “Ghost 4” dronunun əsas versiyası çıxarılabilən stabilləşdirilmiş elektron optik sistemlə təchiz olunsa da, ona əlavə avadanlıq, o cümlədən lazer hədəf göstəricisi və rabitə sistemləri də quraşdırmaq mümkündür.
Uçuş zamanı səsi az olan pilotsuz uçan aparatı havaya qaldırmaq üçün təxminən 2 dəqiqə vaxt tələb olunur.
Xatırladaq ki, ötən il “Anduril” şirkəti digər dronların məhv edilməsi üçün nəzərdə tutulan “Interceptor” pilotsuz uçuş aparatını nümayiş etdirib.
“Interceptor” müəyyən bina və ya obyekt, məsələn, hərbi baza və ya həbsxana ətrafında hava məkanına nəzarət edən kiçik kvadrokopterdir. Xüsusi kompüter görmə sistemi vasitəsilə dron digər pilotsuz uçan aparatların havada görünməsini izləyir.