“WTSA-20” gələn ilədək təxirə salınıb
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bu ilin 23 fevral – 5 mart tarixlərində keçirilməsi nəzərdə tutulan Ümumdünya Telekommunikasiya Standartlaşdırma Assambleyası (WTSA-20) 2022-ci ilin 1-9 mart tarixlərinə təxirə salınıb.
itu.int-in məlumatına görə, bu barədə BTİ-nin Telekommunikasiya Standartlaşdırma Sektorunun “WTSA-20”yə hazırlıq çərçivəsində keçirilən 2-ci regionlararası iclası zamanı bildirilib.
Onlayn formatda keçirilən iclasda Azərbaycan, Rusiya və Özbəkistanın rabitə administrasiyalarının nümayəndələri ilə yanaşı, Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin rəhbərliyi də iştirak edib.
İclasın gündəliyinə BTİ-nin bir sıra regional təşkilatlarının “WTSA-20”yə hazırlıqları barədə hesabatlar daxil edilib. BTİ-nin 2022-ci ildə keçiriləcək “WTSA”ya hazırlıq iclasları üçün tarixlər təyin olunub.
Qeyd edək ki, “WTSA-20”dən sonra növbəti Assambleyanın 2024-cü ildə keçirilməsinin nəzərdə tutulduğu bildirilib.