Rusiyada ekstremal şaxtalar üçün ilk “ağıllı” gödəkçə hazırlanıb
“WARMR” startapının yaradıcıları olan Rusiyanın İTMO Universitetinin tələbələri və ekstremal idman və aktiv istirahət üçün təchizat vasitələri istehsal edən aparıcı "Red Fox" şirkəti idarə olunan elektron isitmə funksiyasına malik geyimin birgə istehsalına başlayıblar. Geyimə yeni xüsusiyyətlərin əlavə olunması çap elektronikasının köməyi ilə mümkün olub.
popmech.ru saytının məlumatına görə, texnologiya incə dağılmış qrafit və karbon nanoboruları kimi funksional polimerlərdən hazırlanmış xüsusi pastanın parçaya çəkilməsinə əsaslanır. Universitet tələbələri qeyd edir ki, parçaya elektronikanın "tətbiq edilməsinə" WARMR startapı üzərində iş çərçivəsində müvəffəq olublar.
“Biz məhz gödəkcələrdən başlamağı üstün tutduq, çünki bu, Arktik regionunun sakinləri və tədqiqatçıları, həmçinin ekstremal idman həvəskarları üçün ən lazım vasitələrdən biridir. Mənfi 70 dərəcə C-yə davamlı gödəkcə yenidən yükləməsiz 6 saata qədər istiliyin fasiləsiz generasiyasını təmin edən standart "Power Bank"la işləyəcək. "Ağıllı" geyim funksional, isti, yüngül və ən əsası rahat olacaq”, – deyə “WARMR”-in rəhbəri bildirib.
Qeyd edək ki, “Red Fox” və “WARMR” tərəfindən birgə istehsal olunan isitmə funksiyalı məhsul növlərinin sayının genişləndirilməsi planlaşdırılır. Çap elektronikası əsasında gödəkcə, şalvar, əlcəklərdən başqa, yuxu tulumları, xalçalar və aksessuarların istehsalı nəzərdə tutulur.