Oyunların birbaşa beyinə translyasiyası üçün neyrointerfeys hazırlanacaq
“Valve” şirkətinin həmtəsisçisi və prezidenti Qeyb Nyuell beyini birbaşa kompüterə qoşmağa imkan verən interfeyslər üzərində işlədiklərini açıqlayıb. Onun sözlərinə görə, belə sistemlər insanın imkanlarını genişləndirə, yuxunun keyfiyyətini yaxşılaşdıra, eləcə də virtual reallığa (VR) tam daxil olmaq hissi yaradaraq VR qarniturlarından istifadə zamanı yaranan başgicəllənmə, ürəkbulanma, məkanda oriyentasiyasını itirmə və digər kənar təsirləri aradan qaldıra bilər.
vesti.ru-nun məlumatına görə, şirkət rəhbəri etiraf edib ki, bu gün neyrokompüter ideyası elmi fantastikadan fərqlənmir, lakin tərtibatçılar tərəfindən bu sahəyə diqqət yetirilməzsə “böyük səhv”ə yol veriləcək.
“Valve” artıq beyin-kompüter interfeysi (BCI) sahəsində müəyyən tətbiqlərə malikdir. Q.Nyuellin sözlərinə görə, şirkət tərtibatçılar üçün insanların beynindən gələn siqnalları başa düşməyi sadələşdirəcək açıq çıxış kodlu proqramların yaradılması ilə məşğuldur.
Proqram ən sadə formada istifadəçinin oyundan zövq aldığını anlamağa və oyun təcrübəsini uyğun şəkildə tənzimləməyə imkan verəcək (məsələn, oyunçu üçün cansıxıcı olanda çətinliyi artırmaq). Gələcəkdə BCI texnologiyalarının oyunları birbaşa beyinə “yükləməyə” imkan verəcəyi istisna edilmir.