Türkiyə Aya missiya üçün unikal hibrid raket istehsal edəcək
Türkiyə 2023-cü ildə Aya pilotsuz kosmik aparatı daşımağa imkan verəcək hibrid raket üzərində çalışır.
Lenta.ru xəbər verir ki, bu barədə ölkənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib: “İlk buraxılışı beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirəcəyik. Lakin bizim kosmik aparat Aya yerətrafı orbitə unikal milli raketin buraxılışı vasitəsilə çatdırılacaq”.
M.Varankın sözlərinə görə, Türkiyənin kosmik proqramı ölkənin “kosmik sahədə yüksək liqa”ya çıxarılmasına yönəlib.
Qeyd edək ki, fevralın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Milli Kosmik Proqramın təqdimatı zamanı 2023-cü ilin sonunadək ölkənin kosmik aparatın Aya ekspedisiyaya göndərəcəyini bəyan edib.
Proqrama, həmçinin meteoroloji peyklərin inkişafı və kosmik sahə üçün kadrların hazırlanması daxildir. Prezident vurğulayıb ki, Ankara peyklərdən əldə edilən məlumatların təhlükəsizliyini təmin edəcək.