Vasif Abbasov: “Bərpa olunan tarixi ədalət ölkəmizin daha da inkişaf etməsinə stimul verəcək”
Azərbaycan öz tarixi qələbəsi ilə sevincli günlərini yaşayır. 2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan birgə bəyanat işğalçı ölkənin təslimçilik aktıdır. Bu uğurun əsas qəhrəmanı əsl sərkərdə, böyük hərbi komandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. 2003-cü ildən sonrakı mərhələdə İlham Əliyev diplomatiyasının apardığı fəal iş Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqi əsaslarını daha da möhkəmləndirdi.
Məhz cari ilin sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəmiz cənab İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusunun və xalqımızın düşmən üzərində həlledici qələbə qazanması ilə başa çatdı.
Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan nəhayət ki, ölkəmiz qarşısında diz çökdü. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi qələbə Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Dünya ölkələri bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və biz həqiqəti dünyaya çatdırmağa nail olduq.
Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan dövlətinin, cəmiyyətinin və iqtisadiyyatının intibah dövrünə qədəm qoymasına zəmin yaratdı. Belə ki, həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olması, əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, mineral sular və s. kimi çox yayılan faydalı qazıntılara, habelə geniş kurort-rekreasiya potensialına malik olması Azərbaycanın iqtisadi gücünün artırılmasında mühüm rol oynayacaq.
Əminəm ki, xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək bütün çətinliklərin öhdəsindən layiqincə gələcək. Ən qısa zaman ərzində işğaldan azad olunan ərazilərimizdə kommunikasiyalar bərpa olunacaq, yaşayış və iqtisadiyyat canlandırılacaq. Şuşa yenidən təkcə Azərbaycanda deyil, bütün Qafqazda yaradıcı sənayenin mərkəzinə çevriləcək.
Biz ordumuzla, qalibiyyətli əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını göylərə qaldıran vətəndaşlarımızla fəxr edirik.
Eşq olsun Azərbaycana, eşq olsun Ali Baş Komandanımız İlham Əliyevə, eşq olsun Azərbaycan əsgərinə! Yaşasın Azərbaycan!
Vasif Abbasov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, Əməkdar mühəndis
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.