Elektroenergetika sektorunda KOB-lar üçün yeni biznes imkanları müzakirə edilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən (KOBİA) “Sahibkarlar üçün elektroenergetika sektorunda dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) mexanizminin tətbiqi və kiçik və orta biznes (KOB) üçün imkanlar” mövzusunda vebinar təşkil olunub. Vebinar Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) dəstəyi ilə baş tutub.
20-dən çox sahibkarın qatıldığı tədbirin keçirilməsində məqsəd energetika sektorunda biznes imkanları barədə məlumat vermək, bu sektorda icra olunan layihələrdə sahibkarların fəal iştirakını, eyni zamanda, enerji istehsalı sahəsində DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etməkdir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, yeni dövrün çağırışlarına uyğun olaraq, post-pandemiya dövründə KOB-ların rəqəmsallaşdırılması və yaşıl iqtisadiyyatın dəstəklənməsi yeni prioritet vəzifə olaraq KOBİA-nın fəaliyyət gündəliyinə daxil edilib. Post-pandemiya dövrünün iqtisadi inkişaf strategiyasının mühüm elementlərindən biri də DÖST mexanizminin tətbiqinin genişləndirilməsidir.
DÖST modeli, eləcə də Agentliyin strukturunda fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyəti barədə məlumat verən KOBİA sədri elektroenergetika sektorunun beynəlxalq təcrübədə DÖST modellərinin geniş tətbiq edildiyi sektorlardan olduğunu bildirib.
Qeyd olunub ki, Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış infrastrukturun, o cümlədən enerji infrastrukturunun bərpası və yenidən qurulması məqsədilə həyata keçiriləcək irimiqyaslı layihələrdə DÖST mexanizminin tətbiqi imkanları nəzərdən keçiriləcək.
O.Məmmədov əlavə edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini KOBİA-ya təqdim edə bilərlər.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Agenliyin fəaliyyəti barədə qısa məlumat verərək bildirib ki, qurum yarandığı dövrədən bu günə kimi enerji bazarının tənzimləməsində, bir çox qanun layihələrinin hazırlanmasında iştirak edib, normativ hüquqi aktların hazırlanmasına töhvələrini verib, bazar araşdırmaları aparıb, bir çox beynəlxalq enerji və maliyyə qurumları, xarici ölkələrin enerji tənzimləyiciləri ilə ilə sıx əməkdaşlıq edib. Bildirilib ki, müvafiq sahədə görüləcək işlər enerji sahəsində də fərdi sahibkarlıq fəaliyyətinin formalaşması və investisiya qoyuluşu üçün imkanlar yaradacaq. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə əvvəllər mövcud olmuş və tamamilə dağıdılmış enerji güclərinin bərpası istiqamətində müvafiq istiqamətdə işlər aparılmalıdır.
Vebinar müzakirələrlə davam etdirilib, AERA və KOBİA nümayəndələri sahibkarların suallarını cavablandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.