AMEA-da Texnologiya Transferi Sistemi qurulacaq
Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda müzakirə olunan məsələlərdən biri də AMEA-da innovasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tədbirlərlə əlaqədar olub.
AMEA-da elmi-innovativ fəaliyyətin gücləndirilməsi, xüsusən bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən 16 oktyabr 2020-ci il tarixli sərəncam imzalanıb. Qeyd olunan sənəddə AMEA-nın innovasiya və elmin kommersiyalaşdırılması üzrə müşaviri akademik Əli Abbasova akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunmuş innovativ perspektivli elmi nailiyyətlərin tətbiqi, eləcə də beynəlxalq elmi-innovativ fəaliyyətin gücləndirilməsinə dair təkliflərin hazırlanaraq AMEA-nın prezidentinə təqdim edilməsi tapşırılıb.
AMEA-nın Rəyasət Heyəti təqdim olunan təklifləri müzakirə edərək elmi tədqiqatların nəticələrinin (təkliflərin), təşkilat və şirkətlərin elmi tutumlu problemlərinin (tələblərin), həmçinin tərəfdaş təşkilatlar haqqında verilənlər bazasının formalaşdırılması məqsədilə veb-texnologiyalara əsaslanan Texnologiya Transferi Sisteminin qurulmasını məqsədəuyğun hesab edib.
Bundan əlavə, AMEA-nın elmi müəssisələri tərəfindən əldə olunmuş elmi nəticələrə əsaslanan strateji və milli əhəmiyyətli layihələrin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunması qərarlaşdırılıb. O cümlədən AMEA-da elmi-innovativ fəaliyyət üzrə konkret fəaliyyət proqramının hazırlanması barədə qərar qəbul olunub.
Tədbirdə, həmçinin bir sıra təşkilati və kadr məsələlərinə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.