AMEA Yüksək Texnologiyalar Parkı Qubada keçirilən innovasiya festivalında təmsil olunub
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərində keçirilən ilin ilk innovasiya festivalında AMEA Yüksək Texnologiyalar Parkı da təmsil olunub.
Belə ki, festivalda texnoparkın rezidentləri olan AMEA-nın “Elm və Texnologiya Parkı” MMC və “BEYT” MMC iştirak edib.
Festivalda AMEA-nın “Elm və Texnologiya Parkı” MMC tərəfindən “NF010” və “qızılquş” dronları, “BEYT” MMC tərəfindən “smart” arı yeşiyi, “smart moles” sensoru nümayiş etdirilib, onların imkanları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, təqdim olunan dronlar xüsusi elektromaqnit şüaları buraxmaqla quşlara təsir edərək onları ərazidən uzaqlaşdırır. “BEYT” MMC-nin istehsal etdiyi “smart” arı yeşikləri vasitəsilə kənd təsərrüfatı subyektləri öz arıçılıq təsərrüfatlarını daha ağıllı sistemlə idarə etmək imkanı əldə edirlər. “Smart Moles” sensoru isə innovativ kök nəmlik sensor sistemidir.
Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində təşkil olunan festivalda 10-a yaxın yerli şirkət öz innovativ məhsul və texnolo giyalarını nümayiş etdirib. Tədbirdə kənd təsərrüfatı məhsul istehsalçıları üçün intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, soyuducu kamera, zərərvericilərə qarşı mübarizə vasitələri, yem konteyneri, aqrodron, aqrorobot, həmçinin alternativ yem bitkiləri kimi çoxçeşidli innovativ məhsul və avadanlıqların təqdimatı olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.