Yüksək Texnologiyalar Parkının rezidenti Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ucarda keçirilən innovasiya festivalında iştirak edib
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ucar şəhərində keçirilən innovasiya festivalında iştirak edib.
Festivalda “Elm və Texnologiya Parkı” MMC-nin “NF010” və “qızılquş” dronları nümayiş etdirilib, bu dronların imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, təqdim olunan dronlar vasitəsilə torpaq örtüyünün spektral xarakteristikalarının müəyyən edilməsi, torpağın istilik şüalanması, onun nəmliyinin ölçülməsi, eləcə də bitki örtüyünün spektral, temperatur və şüalanma xarakteristikaları və bitki örtüyünün vegetasiya indekslərinin müəyyənləşdirilməsi həyata keçirilir.
Qeyd edək ki, innovasiya festivalında müxtəlif yerli şirkətlər öz innovativ məhsul və texnologiyalarını nümayiş etdiriblər. Tədbirdə kənd təsərrüfatı məhsul istehsalçıları üçün intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, eləcə də soyuducu kamera, zərərvericilərə qarşı mübarizə vasitələri, yem konteyneri, aqrodron, aqrorobot, həmçinin alternativ yem bitkiləri kimi çoxçeşidli innovativ məhsul və avadanlıqların təqdimatı olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.