“AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin yeni rəhbəri kollektivlə görüşüb
14.08.2020-ci il tarixdə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin yeni rəhbəri Əməkdar mühəndis Vasif Abbasov inzibati binanın Akt zalında əməkdaşlarla görüşüb.
İclası giriş sözü ilə açan direktor AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdırıb. Uzun illər "AMEA Təcrübə Sənaye Zavodu" MMC-nin direktoru vəzifəsində çalışmış Vasif Abbasov YT Parkda baş verən yeniliklər və həyata keçirilən işlər barədə müəyyən qədər məlumatlı olduğunu bildirib.
Direktor, elmi-innovativ fəaliyyətin dünyanın əksər ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını deyərək, AMEA-da da bu məsələlərə xüsusi diqqət ayrıldığını qeyd edib. Bildirib ki, YT Parkın fəaliyyəti Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil edir və AMEA Rəyasət Heyəti bu qurumun elmi-innovativ fəaliyyətlə bağlı bütün təşəbbüslərini dəstəkləməyə hazırdır.
Həmçinin, AMEA Yüksək Texnologiyalar Parkının səmərəli fəaliyyəti üçün onun hüquqi bazasının tam formalaşdırılması, yüksək investisiyaların respublikaya gətirilməsi və onların tətbiqi istiqamətində bütün zəruri tədbirlərin görüləcəyini bildirib.
YT Parkda rəqabətqabiliyyətli məhsulların istehsalı, ciddi elmi tədqiqatların aparılması, eləcə də innovativ layihələrin həyata keçirilməsinin əsas hədəflərdən olduğunu qeyd edən Vasif Abbasov bu fəaliyyətin yüksək səviyyədə təşkilinin Azərbaycan iqtisadiyyatının davamlı inkişafı baxımından son dərəcə önəmli olduğunu vurğulayıb.
Koronavirus (COVID19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına mənfi təsirini diqqətə çatdıran direktor, kollektivə mövcud vəziyyətdə infeksiyaya qarşı maksimum dərəcədə ehtiyatlı olmağı və işlərində xüsusilə məsuliyyətli olmağı tövsiyyə edib, onlara işlərində uğurlar arzulayıb.