AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşlarının COVID-19-a qarşı buster doza ilə peyvəndlənməsi işləri aparılır
AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və onun rezident müəssisələrində əməkdaşların COVID-19-a qarşı buster doza ilə peyvəndlənməsinə, immunitet sertifikatına və ya əks göstəriş sertifikatına malik olmasına nəzarət olunur.
Belə ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında edilmiş dəyişikliyə əsasən 2022-ci il fevralın 15-dən etibarən bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələri işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.
Ölkəmizdə vaksinasiyaya dair tətbiq olunan tələblərə uyğun olaraq texnoparkın əməkdaşlarının üçüncü (buster) doza ilə peyvəndlənməsi işləri aparılır.
Bununla yanaşı, YT Parkı ziyarət edən qonaqların vaksinasiya tələblərinə uyğun olub-olmamasına nəzarət olunur, onların COVID-19 pasportları yoxlanılır.
Bundan əlavə, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə texnoparkda tibb məntəqəsi fəaliyyətə başlayıb. Məntəqə lazımi hallarda ilkin tibbi yardımın göstərilməsi, sağlamlıqla bağlı yaranmış problemlərin vaxtında aradan qaldırılması üçün bütün imkanlarla təchiz edilib. Pandemiya dövründə tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi üçün məntəqədə zəruri tibbi ləvazimatlar və dezinfeksiya vasitələri yerləşdirilib.
Qeyd edək ki, YT Parkda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə ciddi şəkildə əməl edilir, əməkdaşlar arasında şəxsi gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etmək barədə maarifləndirmə işləri aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.