Yüksək Texnologiyalar Parkında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Vurğulanıb ki, Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib.
Baş direktor qeyd edib ki, daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli işə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi”, - deyə Vasif Abbasov vurğulayıb.
Tədbirdə digər çıxış edənlər soyqırımlarının tarixi kökləri və multikultural dəyərlərə təsirindən bəhs edib, YT Parkın Vətən müharibəsi dövründə orduya göstərdiyi dəstəkdən söz açıblar. Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən videoçarx nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.