AMEA Yüksək Texnologiyalar Parkı “Elm günü”nə həsr edilmiş elmi nailiyyətlər sərgisində iştirak edib
Aprelin 27-də AMEA-nın Əsas binasında “Elm günü”nə həsr edilmiş Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olub.
AMEA-nın Ümumi yığıncağı çərçivəsində təşkil olunan sərgi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, Akademiyanın həqiqi və müxbir üzvləri, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları və xaricdə yaşayan azərbaycanlı alimlər tanış olublar.
AMEA Yüksək Texnologiyalar Parkı da elmi nailiyyətlər sərgisində iştirak edib. Belə ki, sərgidə qonaqlara texnoparkın rezidentləri tərəfindən istehsal olunan dezinfeksiyaedici ultrabənövşəyi robot, dronlar, sürtkü yağları, dərman bitkiləri, təbii qida boyaları, ekstraktlar və s. haqqında məlumat verilib. Həmçinin AMEA-nın elmi müəssisə və təşkilatları, eləcə də AMEA Yüksək Texnologiyalar Parkında əldə olunmuş nailiyyətlər sərgidə quraşdırılmış monitorlar vasitəsilə nümayiş etdirilib.
Qeyd edək ki, sərginin təşkilində məqsəd elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.