YT Parka son bir ildə cəlb edilən rezidentlərin ümumi investisiya məbləği 14 milyon manat olub
Son illər Yüksək Texnologiyalar Parkında (YT Park) geniş islahatlar həyata keçirilir, innovativ layihələr icra olunur, şəffaf mühit formalaşdırılır. Texnoparka yeni rezidentlərin qəbul olunması, erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə imkan verir.
YT Park 5 illik fəaliyyəti dövründə elm-dövlət-sənaye əməkdaşlığının təmin edilməsi və elmin kommersiyalaşdırılması vasitəsilə milli iqtisadi inkişafa mühüm töhfələr verib. Müəssisə qarşısına qoyulan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində uğurla çalışır. Bu barədə AZƏRTAC-a YT Park-dan məlumat verilib.
Son bir ili əhatə edən dövr ərzində Texnoparkda görülən işlərin nəticəsi olaraq, Parka ümumi investisiya məbləği 14 milyon manat olan 6 yeni rezident – “Bakı Polimer İstehsalat” MMC, “Dadaş-N” MMC, “Azcosmetics Group” MMC, “Tak Noosh Group” MMC, “Proline Chemicals” MMC, “Azoil Industry” MMC cəlb edilib .Ümumi tikinti sahəsi 31 000 kvadratmetr olan 6 rezident müəssisədə 162 yeni iş yerinin açılması planlaşdırılır. Hazırda texnoparkda ümumilikdə 12 rezident, biznes inkubasiya fəaliyyəti üzrə isə 4 rezident fəaliyyət göstərir.
Texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanlarından birgə istifadə etməklə təcrübə-test-sınaq işlərinin təşkili məqsədilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə “İntertek Azeri LTD” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bununla yanaşı, YT Parkda ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafını təşviq etmək və bu sahədə zəruri tədbirlər həyata keçirmək üçün əhəmiyyətli işlər görülür. Hesabat ilində Maya Səbzəliyevanın “Bitki südləri, un və əzmələrin innovativ texnologiya ilə istehsalı” innovativ layihəsi YT Parkın Biznes İnkubatorunun rezidenti statusunu əldə edib.
Fəaliyyətin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan biri də Texnoparkda orta aylıq əməkhaqqının 20 faizədək artırılması olub. Hesabat dövründə, həmçinin Texnoparkın rezidentlərinin fəaliyyəti haqqında hesabat‐statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi qaydası təsdiq edilib.
Son bir ili əhatə edən dövrdə texnoparkda görülən işlərin qiymətləndirilməsi üçün “M and J Consulting” MMC tərəfindən ilkin maliyyə hesabatlarının audit yoxlaması aparılıb. Yoxlamaların nəticələrinə əsasən, müstəqil auditorun hesabatla bağlı rəyi müsbət olub.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən binaların şəhərsalma əsaslandırılması – baş planı təsdiq edilib. Baş plan layihəsinə uyğun olaraq, AMEA Yüksək Texnologiyalar Parkı ərazisində komplektləşdirmə və abadlaşdırma fəaliyyətləri aparılmaqdadır. Rezidentlərin fəaliyyətinin tam olaraq həyata keçirilməsi üçün park ərazisində infrastruktur təkmilləşdirilmələri həyata keçirilir. Park ərazisində yerləşən 600 kvadratmetr sahəsi olan istismar dövrü bitmiş köhnə tikilinin tam əsaslı təmiri aparılıb.
Bu istiqamətdə görülən əsas işlərdən biri isə istismar dövrünü başa vurmaq üzrə olan su və kanalizasiya xətlərinin yenilənməsi ilə birlikdə, yanğın əleyhinə su kəmərləri sisteminin çəkilməsi və hidrantların quraşdırılması, eyni zamanda, perimetr üzrə elektrik xətlərinin yenilənməsi və təkmilləşdirilməsi olub. Bununla bağlı olaraq, oktyabrın 11-də 2 lot üzrə kotirovka sorğusu elan edilib, qaliblər müəyyən olunub.
Bundan başqa, YT Parkın ərazisində istifadə müddəti bitmiş, faydalı istifadə müddətini başa vurmuş bina və qurğular da sökülərək yeni rezidentlər üçün ərazilər genişləndirilib, bir çox əhəmiyyətli layihələr icra olunub, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edən görüşlər keçirilib, müqavilələr imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.