Yüksək Texnologiyalar Parkının rezidentlərinin layihəsi SOCAR-ın Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri “Elm və Texnologiyalar Parkı” MMC və Təcrübə-Sənaye Zavodunun “Quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqini apara bilən çoxfunksiyalı multikopter tipli dronların işlənilməsi” adlı birgə layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun qrant müsabiqəsinin qalibi olub.
Neft-qaz sahəsi obyektlərinin quruda və dənizdə olduğunu, həmçinin obyektlərin mürəkkəb quruluşa malik olmasını nəzərə alaraq monitorinq prosesində insan əməyinin birbaşa istifadəsi çətinliklərin artmasını və effektliliyin aşağı olmasını qaçınılmaz edir. Layihə neft-qaz sahəsi obyektlərinin monitorinqi prosesini effektli və sürətli aparmaq üçün robotexnikanın imkanlarından istifadəni nəzərdə tutur.
Robotexnikalar arasında multikopterlər istifadə imkanlarına görə əsas yerlərdən birinə sahibdir. Bu kimi texnikalar vasitəsilə böyük sahələrin qısa zamanda monitorinqini həyata keçirmək mümkündür. Neft-qaz sahəsi obyektlərinin yanğın təhlükəsi xüsusi riskli olan obyektlər siyahısına daxil olması, həmçinin neft və qazın yerin dərin qatlarından əldə edilməsi zamanı xammalın Radon (Rn) tipli radiokativ qazlar ilə birgə yer səthinə çıxması ehtimalının çox olması həmin obyektlərin təhlükə riskini artırmış olur. Qeyd olunanlar isə həmin sahələrdə daimi monitorinqin aparılmasını əsaslı olaraq tələb edən amillərdən hesab olunur.
Multikopterlər üzərinə müxtəlif təyinatlı qurğuları inteqrasiya etməklə monitorinq prosesini bir qurğu üzərindən bir neçə istiqamətdə həyata keçirmək olar. Neft-qaz sahələrinin termal müşahidə kameraları vasitəsilə yanğın təhlükəsinin baş verdiyi və ya baş verə biləcəyi ərazilərin və həmin sahələrin müəyyən hündürlükdən radiasiya monitorinqini həyata keçirmək mümkündür.
Qeyd edək ki, SOCAR-ın Elm Fondunun sözügedən qrant müsabiqəsi AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə elan edilib. Müsabiqəyə təqdim olunan 76 layihədən 25-i qalib elan olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.