Azərbaycanın öz tarixi torpaqlarını azad etməyə hüquqi və mənəvi haqqı var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib ki, Qarabağ cəbhəsində Azərbaycan Ordusu bir-birinin ardınca kəndləri, şəhərləri azad edir. Azərbaycanın əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində 30 il işğal altında olan ərazilərimizin böyük hissəsi düşməndən təmizlənib.
Bəli, Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuz bu gün Qarabağda tarix yazır. Xalqımızın öz tarixi torpaqlarını yağı düşməndən azad etməyə həm mənəvi, həm də hüquqi haqqı çatır. Qoy dünya bir daha bilsin ki, Azərbaycan bu münaqişədə haqlı tərəfdir. Ermənistan isə tacavüzkar və işğalçıdır.
Möhtərəm Prezidentimiz müsahibədə vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazisini, ərazi bütövlüyünü bərpa edir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən, demək olar ki, son üç onillik ərzində əməl olunmayan qətnamələri mövcuddur. Azərbaycan dövləti hazırda faktiki olaraq həmin qətnamələri uğurla icra edir.
Fikrimcə, müsahibənin ən maraqlı məqamlarından biri ispaniyalı jurnalistin “Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur?” sualına dövlətimizin başçısının qətiyyətli cavabı hesab oluna bilər: “Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır”.
Cənab İlham Əliyev sonra bildirmişdir ki, Paşinyan danışıqlar prosesini pozmaq üçün hər şeyi etmişdir. Ona görə də hazırda onunla görüşməyin heç bir mənası yoxdur. Bəli, Paşinyan avantüristdir, onun əsassız və gülünc iddiaları, cinayətkar əməlləri təkcə Ermənistanı uçuruma sürükləmir, bütövlükdə, region dövlətlərini təhdid edir.
Azərbaycan lideri müsahibədə Türkiyənin, guya, ölkəmizə hərbi dəstək göstərdiyi barədə yayılan feyk xəbərə münasibət bildirərkən deyib ki, Türkiyədən heç bir hərbi dəstək yoxdur. Azərbaycan Türkiyədən yalnız müasir hərbi avadanlıq alır. Lakin ortada Türkiyəni qaralamaq, şantaj etmək, təzyiq göstərmək cəhdləri var. Bu isə tamamilə qəbuledilməzdir.
Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Heç bir bir qüvvə onu bizim əlimizdən ala bilməz. Azərbaycan xalqı bu yolda hər cür məhrumiyyətlərə və fədakarlıqlara hazırdır. Qələbə bizimdir. Çünki Qarabağ Azərbaycanın milli qürur və şərəf məsələsidir. İnşallah, ən yaxın günlər ərzində üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq!
Sonda bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Azərbaycan Prezidenti son günlər ərzində xarici ölkələrin aparıcı media orqanlarına çox sayda müsahibələr vermis, ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiə edərək, onu dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının müdrik fəaliyyətini birmənalı olaraq dəstəkləyirlər. Bəli, biz birlikdə güclüyük!
Vasif ABBASOV,
AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, Əməkdar mühəndis
Xalq qazeti
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.