“Elm” qəzetində YT Parkın baş direktorunun Hərbi Qənimətlər Parkı haqqında məqaləsi dərc edilib
AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 23 aprel 2021-ci il tarixində işıq üzü görmüş növbəti sayında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru Vasif Abbasovun “Hərbi Qənimətlər Parkı Ermənistanın işğalçılıq əməllərinin aynasıdır” başlıqlı məqaləsi dərc edilib.
Məqalədə qeyd olunur ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkı Ermənistan ordusunun darmadağın edilməsi, hərbi texnikasının yararsız hala salınması, eləcə də uzun illər boyu ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyəti ən incə detallarına kimi ortaya qoymuşdur.
Bildirilir ki, 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənən, istehkamlar quran, səngərlər, sığınacaqlar qazan düşmən üzərində qələbəni əldə etmək nə qədər çətin olsa da, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edib düşməni məğlub etdilər.
Məqalədə, həmçinin 44 günlük Vətən müharibəsində AMEA-nın Silahlı Qüvvələrimizin yanında olduğunu nümayiş etdirdiyi, Ordumuza müxtəlif yardımlar göstərdiyi vurğulanır. Akademiya rəhbərliyinin tapşırığı ilə YT Park və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu tərəfindən Vətən müharibəsi dövründə işğaldan azad edilmiş bölgələrdə yerləşən tibb məntəqələrimizə və hərbi hissələrə göstərilən çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də Zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardımlardan bəhs edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.