“Elm” qəzetinin yeni sayında texnoparkın rezidenti tərəfindən icra olunan innovativ layihə barədə məqalə dərc olunub
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 18 iyun 2021-ci il tarixində çapdan çıxmış yeni nömrəsində AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən icra olunan yeni layihə barədə məqalə dərc olunub. Belə ki, kənd təsərrüfatının, xüsusilə bitkiçiliyin inkişafına xidmət edəcək layihə çərçivəsində müəssisənin istehsal etdiyi dronların tətbiq sahələrini genişləndirmək məqsədilə yeni sınaqlar aparılır.
Məqalədə bildirilir ki, sınaqlar zamanı pilotsuz uçuş aparatına birləşdirilmiş multispektral kamera vasitəsilə çəkilişlər edilir, əldə edilmiş təsvirlər xüsusi proqram təminatı ilə emal olunaraq sahədəki bitkilərin vegetasiya indeksi, rəqəmsal modeli, orotofotoplanı hesablanır və məlumatlar əsasında hesabat hazırlanır.
Qeyd olunur ki, Qarabağa qayıdış planının tərkib hissəsi kimi bu bölgədə kənd təsərrüfatının sürətli inkişafına dəstək verməyi nəzərdə tutan sözügedən layihədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişlərinə əsasən, akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələri, eləcə də İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutlarının yaxından iştirakı təmin olunacaq. Aparılacaq birgə tədqiqatlar çərçivəsində bitkilərin vegetasiya dövrü sınaqlarının yenidən analiz olunması, yeni alqoritmlərin işlənilməsi, o cümlədən yeni informasiya bazasının yaradılması planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.