AMEA YT Parkının rezidenti olan EPC Group şirkətinin “Yeni Quyu Ştank Nasosu-44mm ” layihəsinin sınağı keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının Texnologiyaların Transferi şöbəsinin aparıcı eksperti Mahmud Əfəndiyevin müəllifi olduğu “Yeni Quyu Ştank Nasosu-44mm” layihəsinin sınağı həyata keçirilmişdir. Sınaq “Az-Neft” istehsalat birliyinin Bibiheybetdə yerləşən 1 nömrəli mədənində baş tutub. Sınaq zamanı AMEA YT Parkın, “EPC Group”-un, “Az-Neft” istehsalat birliyinin nümayəndələri iştirak edib.
AMEA YT Parkın aparıcı eksperti Mahmud Əfəndiyevin müəllifi olduğu “Yeni Quyu Ştank Nasosu-44mm” layihəsi AMEA YT Parkının rezidenti olan EPC Group tərəfindən həyata keçirilir.
“Yeni Quyu Ştank Nasosu-44mm” layihəsini möhkəmliyi və səmərəliyinə görə yeni nəsil innovativ nasos adlandırmaq olar. Bu tipli digər nasoslar işlədiyi zaman Plunjer (manjet) ilə silindir arasında sıxılma yarandığı üçün sürtünmə əmələ gəlir. Bu isə nasosun qısa müddətdə sıradan çıxmasına səbəb olaraq, yeni nasosla əvəz edilməsinə məcburiyyət yaradır. “Yeni Quyu Ştank Nasosu-44mm”-də isə bütün nasos təmir edilmir, sadəcə Plunjer (manjet) təmir olunur. Beləliklə nasoslar dəyişilmir, bu da hər quyu üzrə gəlirin artmasına, neftin daha az maliyyə ilə əldə olunmasına gətirib çıxarır.